Cümə axşamı, 2024-04-25, 0:23 AM
Welcome Guest

Html KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml Kodlar

Get cash from your website. Sign up as affiliate

Məqalələr

Main » Articles » Digər

Şaman
Paylaş

Şaman miflərində ruhun oğurlanıb qaçırılması motivi əsas yer tutur. Bizcə, qədim nağıl və dastanlarımızda soy artımına xidmət edən tərəflərdən birinin - nişanlı qızın (əksər hallarda şaman təsəvvürlərində olduğu kimi fövqəltəbii qüvvələr tərəfindən) aparılması və oğlan qəhrəmanın onu geri qaytarmaq üçün çıxdığı səfərdə möcüzələrlə qarşılaşması həmin motivlərin analoqudur. E.S.Novik doğru olaraq yazır ki, «arxaik epik ənənədə qəhrəmanın bahadırlığı, hiyləgərliyi və sehrkarlıq qüdrəti bir-birindən ayrılmır və motiv fondunun əsas hissəsini şaman süjetləri təşkil edir, bir çox mifoloji obrazalar şaman qabiliyyətinə, bacarığına, dünyagörüşünə malik təsvir olunur» . 

 

«Ruhun axtarılması və çağırılması» qam-şaman mərasimlərinin (qamlar Azərbaycan türklərinin islamı qəbul etməsindən sonra bu ayinləri «müalicə seansları» adlandırırdılar) əsas mərhələsidir. Bu elə bir fövqəltəbii fəaliyyətdir ki, seçilmiş insan sakral vasitələrin, xüsusilə sözün, səs ahənginin və musiqi ritmlərinin yardımı ilə kənar dünyadan xəstələrin, hətta yenicə ölmüşlərin ruhunu qaytarmağa cəhd göstərir, asta səslə oxuduğu nəğmə-dualar zamanı qam sakrallığın atributlarından - sudan, ocaqdan, küldən, ağac budağından, meyvə çərdəyindən, düyüdən, sümükdən hazırlanmış amuletlərdən, torpaqdan və havadan (təbibsayağı nəfəsi kəsilmiş xəstənin ağzına üfürməklə) istifadə edir. Ruhun qaytarılmasına həsr olunan çağırışlarda vurğulanır ki, vətəni, yurdu boş qoyma, ocağın başına qayıt, yoxsa parlaq alov sönəcək... Ata-ananın gözü həmişə yaşlı qalacaq!..

 

Azərbaycan foklorunun lirik ənənəsində qam çağırışlarının bir hissəsi layla, bayatı, ağı və duaların içərisində əridilmişdir. Məsələn:

 

Çəpərə çəpər oldu, gəl,

Çəpərə quşlar qondu, gəl!..

Vədəsiz gedən, oğlan,

Vədən tamam oldu gəl. 

 

Yaxud:

 

Yolçular yola gedər,

Yollanıb yola gedər.

Min heyf ölən cana,

Nə iş var, yola gedər. 

 

«Ruhu qaytarma» ritualının çağırış nəğmələrində qamın dilində «gəl», «qayıt», «dön» yalvarış bildirən sözlərin təkrar-təkrar səslənməsi əslində ölənin yaxınlarının əhval-ruhiyyəsini ifadə edirdi. Əlbəttə, ritualda ocaq ətrafına toplaşanlar nəqarət xarakterli misraları üç dəfə xorla təkrarlamaqla mərasim icraçısının səsinə qüvvət verirdilər ki, xəstənin (yaxud ölənin) yurdun kənarlarında dolaşan ruh yalvarışları tez eşidib geri qayıtsın.

 

Ruhları bu dünyaya bağlayan əsas vasitə ox və hər bir qamın fəaliyyətə başladığı gün yerə əkdiyi uca və qollu-budaqlı ağacdır. Adətən, Azərbaycanda xan çinar, söyüd və palıd ağacları seçilib əkilirdi və qamın fəaliyyət göstərdiyi müddətdə müqəddəsləşdirilirdi. Bu məqsədlə buryatlarda ağcaqayından, digər sibir xalqlarında şamdan, keltlərdə adi on iki pilləli nərdivandan istifadə edirdilər. Oxu xəstənin yatağının baş hissəsinə sancır, mis ucluğundan qama məxsus ağaca ipək ip çəkirdilər. Bəzən nəslin ulu babasının dibində basdırıldığı xüsusi ocaq ağaclarından da faydalanırdılar. Hal-hazırda belə ağaclar «piri» sayılır, xəstələr, övladsızlar, ərləri, oğulları uzaqlarda olanlar onun budaqlarından öz əşyalarını, ya da paltarlarından götürdükləri ipləri asırdılar. Ağacın ətrafında toplaşanlara nəzir-niyaz verir, qurban kəsib paylayırdılar.

 

Qamlar elə zənn edirdilər ki, ölümcül xəstənin ruhu müqəddəs ağacdan enib ip vasitəsi ilə geri dönəcək. Evlərin bütün qapılarını açıq qoyur və xəstənin atını ağacın yanında saxlayırdılar. Ulularımızın qənaətinə görə, gözəgörünməz varlıqlar, qulyabanılar, hallar və ruhları hər şeydən öncə atlar duyurlar. Əgər at hürküb titrəməyə, çırpınıb kişnəməyə başlayırdısa, qam ocağın odunu artırır, xəstənin üzünə cəftə suyu çiləyir və ağzına üfürməklə nəfəs verirdi. Ayin keçirilən zaman şirniyyat, ətirli ədviyyatlar və xəstənin xoşladığı, eləcə də sağlığında arzulayıb əldə edə bilmədiyi əşyaları da ocağın ətrafına düzürdülər. Bunlar o biri dünyaya getmiş ruhu gerçək dünya üçün şirnikləndirmək vasitələri idi. M.Eliade Altay şamanlarında yurtda müqəddəs mizin üstünə qoğallar, qəlyan və tütün qoyulduğunu göstərərək bildirirdi ki, «əgər xəstə qoca idisə, ona uyğun yaşda olanları, cavan idisə həmyaşıdlarını, körpə idisə uşaqları ətrafına toplayırdılar» . Qam oxumağa başlayırdı:

 

Atan-anan gözləyir,

El səni əzizləyir.

Adın sənsiz qalıb, gəl,

Hamı sənə «gəl» deyir.

 

Ətrafdakılar göz yaşları axıdaraq xorla qamın səsinə səs verirdilər:

 

«Dağlar duman oldu, gəl...

Halım yaman oldu, gəl!..»  

 

Altay və Avropa şamanlarının oxuduğu nəğmələrin məzmunu ilə səsləşən şer parçalarına «Dədə Qorqud»da daha çox rast gəlirik. Belə çağırışlardan birində deyilir ki:

 

«Uşaqların səni soruşurlar:

«Hanı bizim atamız?»

Eşit və rəhm qıl, onlara, qayıt!

Atların səni soruşurlar:

«Hardadır sahibimiz?»

Qayıt, yanımıza!.. 

 

Osmanlı türklərinin nənnilərində azərbaycanlıların laylaları ilə variantalaşan bir nümunədə şamanın səyahətlərinin əsas məskəni meşə orta əsrlərdə deyildiyi kimi – saz şəklində işlənir.

 

Dere boyu saz (meşe) olur,

Gül açılır yaz olur,

Ben yavruma gül demem,

Gülün ömrü az olur. 

 

«Kitabi-Dədə Qorqud»da ananın ölümcül yaralanmış oğlunun ruhuna müraciətlə oxuduğu nəzm parçasında şaman çağırışlarının təsiri duyulur:

 

«Qara qıyma gözlərin uyxu almış açğıl, axı!..

Ol ikicə sünücigim, uzun olmış, yığışdır axı!..

Tənri verən tatlu canım, varsa oğul,

ver xəbər mana!

Qara başım qurban olsun, oğul sana!..

Ağız-dildən bir qaç kəlmə xəbər mana!? 

 

Orta əsrlərin yazılı ədəbi abidəsinə düşmüş «ruhu çağırma nəğmələri» Azərbaycan qam-ozanlarının ritual ənənəsindən götürülmüşdür.

 

Qam-şaman ənənəsinin xüsusiyyətlərindən biri də ayrı-ayrı ölkələrə şərti səyahətlərin təşkilidir. Abakan tatarlarında (xakaslarda) beş-altı saat davam edən mərasimdə «qam Tanrının adına dualar oxuyub yurtdan çıxır, geri qayıdan kimi qəlyanını yandırır və başına gələn əhvalatları danışmağa başlayır: xəstənin dərmanını tapmaq üçün Çinə gedib, dağlar aşıb, dənizlər adlayıb. M.Eliadeyə görə, bunlar «şaman seansının hibrid formasıdır ki, şimali-şərqi Sibir xalqlarında, çukçalarda, fin-uqorlarda da özünü göstərir . Azərbaycan türklərinin oxuduğu nəğmələrin birində qam doğrudan da ruhu axtararkən səfərdə başına gələnləri danışır. Onun yolu o qədər uzaq olur ki, su ehtiyatını tamam içib qurtarır. Yeraltı – Ölülər dünyasına çatanda bərk istiyə düşür. Orada qarşısını Əzrayıl kəsir. Ona başqa can vəd etməklə axtardığı adamın ruhunu geri qaytarır:

 

Yolun suyun içdim, gəl,

Yolda yandım, bişdim, gəl.

Əzrayıl ova çıxdı,

Payına mən düşdüm, gəl. 

 

İslamın geniş yayıldığı ərəfədə «ruhu qaytarma» mərasimlərinin sıradan çıxarılması nəticəsində dua-çağırışlarda «redaktə işi» aparılmış, Azərbaycan qamlarının «Tamuv» adlandırdığı yeraltı dünya cəhənnəmlə, ölüm mələyi Üzən isə Əzrayılla əvəzlənmişdir.

Category: Digər | Added by: Odd (2010-12-03)
Views: 868 | Comments: 2 | Rating: 0.0/0
Total comments: 1
0  
1 НАНУ   (2010-12-03 3:59 PM) [Yaz;]
<b>Ela yazıdı Odd teşekkür</b> wink

Only registered users can add comments.
[ Registration | Login ]
Click for live chat
Reyting
Sevdiyiniz janrı seçin

Всего ответов: 27
Tag Board
500
Statistika

Ümumi miqdar onlayn: 1
Qonaq: 1
İstifadəçilər: 0
Axtar

ip address
Copyright MyCorp © 2024 |