Cümə axşamı, 2024-04-25, 12:07 PM
Welcome Guest

Html KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml Kodlar

Get cash from your website. Sign up as affiliate

Məqalələr

Main » Articles » Hekayələr

Uşaqlıq xatirələri

 

 

Uşaqlıq xatirələri

 

Tamamilə axşam olmasa da, axşam tərəfi idi. Hava yavaş-yavaş qaralırdı. Günəş məcburiyyət qarşısında qalaraq öz yerini aya verirdi. Ay isə özünü naza qoymuşdu. Günəşi sevənlər onun batmasını üzüntüylə, Ayı sevənlər isə onun gəlişini sevinclə qarşılayırdılar. Aylı, ulduzlu gecələrdə qoşa gəzən sevgililər onun gəlişinə sevinir, tənha insanlar isə gecənin zülmət qaranlığında tənhalıqları ilə baş-başa qalacaqlarına görə, üzülürdülər.

Londonun balaca mehmanxanalarında evli kişilərin qanlarının qaynayan, ehtiraslarının coşan vaxtı idi. Axşam isə ləyaqətli ailə başçısı kimi evlərinə dönəcəkdilər və xanımları onların paltosunu çıxaracaq, ayaqqabısını ayaq altından götürəcək, çayını süzəcək, yeməyini gətirəcəkdi.

Seyrək sarı saçlı, iri mavi gözlü, ensiz kürəkli, toppuş yanaqlı, azacıq uzun burunlu Maks Teylor yazı masasının sağ tərəfində yerləşən kresloya dirsəklənərək Cek Londonun "Dəmir daban " romanını oxuyur. Sol qaşında dərin çapıq, boğazında yara izləri var. Yanaqları dolu olsa da Maks çox arıqdır. Yəqin ki, gecə- gündüz mənfəət və zərərləri, maya dəyəri xərclərini hesablamaq ona kökəlməyə imkan vermirdi. Londonun ən məhşur firmalarından birində baş mühasib vəzifəsində çalışır və işini heç sevməsə də gəlir xətrinə işindən ayrıla bilmir. İşi çox ağır, yorucu və bezdiricidir. Fiziki əmək sərf etməsə də, həddən artıq zehni əmək sərf edir. Belə ki, o, mühasibat hesabatının daxili və həmçinin xarici istifadəçiləri üçün müəssisənin fəaliyyəti haqqında tam və düzgün informasiya formalaşdırmalı, istehsal edilmiş ehtiyatlardan faktiki istifadəsi üzərində nəzarəti təmin etməli, aşkar edilmiş ehtiyatlardan faktiki istifadəni qiymətləndirməlidir. Digər işləri köməkçi mühasib görürdü. Lakin, Maks hər bir informasiyanı dəqiq yoxladıqdan sonra imzasını çəkir və hesabatları rəhbərliyə təqdim edir. Onun işlədiyi firma hər bir mövsümə uyğun olaraq kişi geyimləri istehsal edir və bu məhsullar bir çox ölkələrə ixrac olunur.

Maks hesablar üzərində çalışmaqdan təngə gəlmişdi. Hazırkı dövrdə isə başqa iş axtarmaq ağılsızlıq hesab oluna bilərdi. Çünki, Londonda maliyyə böhranı ilə əlaqədar olaraq işsizlik hökm sürür və işsizlərin sayı günü-gündən artır. Bəzən Maks gecələr yuxuda danışırdı:

- Məhsul istehsalına sərf olundu 4600 dollar, nəqliyyat-tədarük xərcləri 270 dollar, reklam xərcləri 2230 dollar, indi maya dəyərini hesablayım: 4600 üstəgəl 270 bərabərdir 4870-ə. 4870 üstəgəl 2230 bərabərdir 7100-ə. Deməli, maya dəyəri 7100 dollardır. Satışdan əldə olunan gəlir 13200 dollar. 13200-dən 7100-ü çıxanda 6100 edir. Deməli, müəssisənin mənfəəti 6100 dollardır. Bu firmanın həftəlik hesabatıdır.

Hesabat işləri Maksı dəli olmaq dərəcəsinə gətirmişdi, onun iş qrafiki çox sıx idi. Amma, nə etmək olardı?  Ac qalmamaq, kirayə haqqını vermək, digər ehtiyaclarını ödəmək üçün bu hesabat işlərini həll etməliydi. Daha sonra isə o, ədədlərin arxasında gizlənən mənanı aşkar eməyə çalışırdı. O düşünürdü ki, 0-ı 1-dən əvvəl yazanda heç bir ədəd olınmır və riyazi qanunlar pozulur. Axı 01 nə deməkdir? Belə ədəd yoxdur. Amma, 1-i 0-dan əvvəl yazanda 10 ədədi alınır. Maksın fikrincə bu, azlığın çoxluğa, güclünün gücsüzə tabe olmasının göstəricisidir. Bundan sonra o, milyardlarla natural ədədlərin yazılmasında sadəcə, on rəqəmin iştirak etdiyinə fikir verdi. Maks düşünməyə başladı:

- Görəsən, real həyatda da belədir? Milyardlarla insanın həyatı səkkiz-doqquz insanın həyatından asılıdır? Sonra bu suala qəti əminliklə bəli cavabını verdi.

Nəhayət, bunlardan da bezdi və uzaq keçmişi, uşaqlıq illərini xatirində canlandırmağa başladı. Onun uşaqlıq xatirələrinin yaddaş dəftəri həm qızıl incilərlə, həm də qara hərflərlə yazılmışdı.

Iyirmi iki il bundan əvvəl Maks on üç yaşında olarkən yay tətilində əmisi Rocerin evinə qonaq getmişdi. Rocer əmi kənddə yaşayır və kənd təsərrüfatı ilə məşğul olurdu. Maks kənddə qonaq olduğu zaman Calli adlı bir keçiylə dostluq etməyə başlamışdı. O, Calliyə qənd-çay, pirojna, şəkər çörəyi, cemli bulka verir və bundan böyük məmnunluq duyurdu. Calli də zaman keçdikcə Maksa daha çox bağlanırdı. Rocer əmi isə bunlara qəti fikir vermirdi.

Yəqin düşünəcəksiz ki, insanla heyvan dost ola bilər? Keçiyə qənd-çay, bulka, şəkər çörəyi verərlər? Sizin bu barədə olan fikirlərinizi bilmirəm, amma, mənim düşüncəmə görə, Calli ilə Maksın münasibətində qaydadan kənar heç bir hal yoxdur. Qayda deyərkən təbiyətin qayda-qanunlarını, prinsiplərini nəzərdə tuturam. Təkəbbürlü insanlar yəqin ki, belə şeyləri ağılsızııq hesab edirlər.

Calli çayla cemli bulkanı daha çox sevirdi. Maks onun xətrinə dəymək istəmədiyindən istəklərini böyük mənnuniyyətlə yerinə yetirirdi. Bu münasibətlər başladıqdan üç-dörd gün keçəndən sonra Calli Karlik adlı erkək keçiylə oynamağa, əylənməyə başladı. Sonra dostlaşdılar, daha sonra biri-birilərini sevdilər. Heç də düşünməyin ki, heyvanların hissləri, arzuları düşüncələri, xəyalları yoxdur. Şəxsən mən balasını canavar yeyən ana inəyin necə göz yaşı tökdüyünün, sahibi tərəfindən təhqir olunan atın necə kövrəldiyinin şahidi olmuşam.

Calli ilə Karlikin dostlaşdığını görən  Maks Callini Karlikə qısqanmağa başladı. Calli Karliki Maksdan, həmçinin onun verdiyi ərzaq məhsullarından üstün hesab etdi və bu, Maksı heyrətə salan hadisə oldu. Lakin, bir neçə gündən sonra olacaq hadisə onu daha artıq heyrətə salacaqdı. Bu barədə bir qədər sonra.

Rocer Maksın əmisi olsa da, biri-birlərindən çox uzaq idilər. Belə ki, Rocer əmi yalnız özü üçün yaşayan insan idi və buna gürə də, demək olar ki, Maksı heç görmürdü. Rocer əmi şərəbı, xüsulilə də kəmşirin çaxırı çox sevirdi. Iki-üç qədəh içəndən sonra çox vaxt deyərdi:

- Ayıq gözlə qüssə dolu tutqun keçmişin gözlərinə baxmaqdansa sərxoş gözlə səadət dolu xoşbəxt gələcəyin gözlərinə baxmaq yaxşıdır.

Yeddi-səkkiz qədəh içdikdən sonra isə deyərdi:

- Həyatda lazım olanda sürünməyi də bacarmaq lazımdır, çünki, sürünənlər heç vaxt yıxılmır.

Rocer əmi həmişə özünü qürurlu və insan ürəyinin mahir bilicisi kimi göstərməyə çalışsa da əslində, yalnız öz şəxsi mənafeyini güdən, sentimentallıqdan uzaq, lazım olanda da qürurunu kənara ataraq sürünməyi bacaran insan idi. Özünü qürurlu göstərməyə çalışmağı isə xudpəsəndlikdən başqa bir şey deyildi. O, sevgi münasibətlərini ağılsızlıq, axmaqlıq hesab edirdi. Bu barədə söz düşündə o deyirdi:

- Dünyada yalnız bir nəfəri görmək, gözlərində yalnız bir zülfü-cəmalın canlanması, ürəyində yalnız bir adın, beynində yalnız bir fikrin olması ölçüyə gəlməz dərəcədə böyük axmaqlıqdır.

Calli ilə Karlik arasında  baş vermiş məhəbbət hekayəsini danışmıyacağam, çünki, məhəbbət hekayələrinin hamısı oxşar olur. Yəni, yalnız oyunçuların dəyişməsi ilə  özü dəyişməyən oyun.

Rocer əmi haqqında bir az da danışmaq istəyirəm. Maks mənim dostum olduğuna görə, onun əmisinə mən də əmi deyirəm. Əgər, Rocer əmi sağ olsaydı, mən ümumiyyətlə onun haqqında danışmazdım. Çünki, həm Maks, həm də mən ondan çox qorxurduq. Həyatda elə insanlar var ki, heç nədən qorxmadıqlarına görə, hər kəs onlardan qorxur. Rocer əmi də məhz, bu cür insanlardan idi. Namus adına aclıq çəkən insanları dəli hesab edirdi. Bir az da zahiri görünüşü haqqında danışım. Elə bil ki,  təbiət digər insanları gözəl yaratmaq üçün onlara verilməli olan bütün iyrənc qalıqları bir yerə toplamış və Rocer əmini bu xəmirdən yoğurmuşdu. Dazlaşmış başına və piy basmış qarnına baxanda düşüncələrini anlamaq olardı.

Zaman keçdikcə Callinin xətrinə Karlik də Maksla dostlaşdı və Maks buna görə, xeyi sevindi. Artıq, Maks bulkaları, qənd-çayı, pirojnaları yalnız Calliyə yox, Karlikə də verirdi. Bu üç canlı məxluq olduqca şən görünürdülər. Amma, eşitmişəm ki, xoşbəxt günlərin ömrü az olur, ya da insan xoşbəxt olanda zamanın necə tezliklə keçdiyini hiss etmir. Yəqin ki, ikinci ehtimal daha düzgündür.

Rocer əmiylə Maks arasında göylə yer arasındakı məsafə qədər fərq vardı. Bir gün isə Rocer əmi Maksı və Callini son dərəcə sarsıdacaq hərəkət etdi.

Maks yatırdı, şirin yuxuda idi və yuxuda səmada qartaltək qanaq çalırdı. Səmada qanaq çalan bu qartal haqq-ədalət carçısı idi. O, güclülər tərəfindən məhv olunmamaları üçün zəiflərə kömək edirdi. Adını da sehrli qartal qoymuşdular. Bu qartal kasıbların, yoxsulların, kimsəsizlərin dayağı idi və buna görə də, kasıblar və zəhmətkeş kəndlilər onu sevirdilər. Amma, bu qartalın məqsədinin gerçəkləşməsi üçün uzun illər lazım idi.

Maks elə şirin yatmışdi ki, heç kəs onu oyatmaq niyyətində deyildi. Bu zaman isə Rocer əmi Karliki yerə yıxmış, ayaqlarını bağlamış, sağ dizini onun qarnına dayayaraq bıçağını itiləməyə başlamışdı. Karlik həyatının son anlarını yaşadığını çox gözəl bilirdi, lakin, qəlbindəki ümid işığı hələ də tamamilə sönməmişdi. Ümid edirdi ki, Calli və Maks onu xilas edə biləcəklər. Maks şirin yuxuda, Calli isə tövlədə idi. Calli tövlədən hər şeyi görürdü.

Bu zaman sanki, ana təbiət də Karliki unutmuşdu. Günəş bu səhnəni seyr etmək istəmədiyindən buludların arasında gizlənərək gözlərini yummuşdu. Sanki, həyat dayanmışdı. Kükək də, nəfəs də, hənirti də kəsilmişdi. Təbiət nafəsini içinə çəkib sükuta dalaraq gözləyirdi. Maks isə hələ də şirin yuxuda idi. Birdən sükut pozuldu, təbiət hərəkətə gələrək Rocer əmiyə etirazını bildirdi. Yay ayı olmasına baxmayaraq gurultulu şimşək çaxdı, göylər nərildədi, buludlar da Calliyyə qoşularaq göz yaşları tökdü, güclü külək əsdi, otlar, yarpaqlar hərəkətə gəldi, çaylar coşdu. Amma, artıq gec idi, iş-işdən keçmiş, Karlik həyatla vidalaşmış, Calli isə gözü yaşlı qalmışdı. Calli böyük əzabla Karlikin  yağan yağışın yuyub apardığı qanına baxırdı. Maks isə hələ də yatırdı.

Nəhayət, Maks oyandı, şüşəbənddən aşağı endi, ət xörəyinin qoxusunu hiss etdi. Düşündü ki, hansısa zavallı heyvanın həyatına son qoyublar. Bir qədər irəlilədi, sağ tərəfə baxdı, Karlikin kəsilmiş başını, ayaqlarını gördü və məsələni anladıqdan sonra o da Calli kimi, buludlar kimi əzabverici göz yaşları tökdü, sarsıldı, bədəni titrədi, qəzəbləndi, dizləri büküldü, ayaqları taqətini itirdi, həyatın amansız olduğunu, günahsızların və gücsüzlərin günahkarlar və güclülər tərəfindən məhv edildiyini düşündü. Lakin o, Calli kimi ağlaya bilməzdi, çünki, Calli Karliki sarsılmaz, sönməz, əbədi və saf məhəbbətlə sevirdi. Maks isə bu iki canlının dostu idi. Bəlkə də heyvanlar insanlarla müqayisədə daha sadiqdirlər. Maks həmişə həssas insan olub və hazırda da belə idi. Həssas qəlbinin ülviyyət və gözəlliyi ona həyatı daha dərindən dərk etməyə şərait yaradırdı.

Karlikin ölümündən, daha doğrusu öldürülməsindən sonra Calli həyatda heç bir məna görmürdü. Karlik həyatın bütün zövq və nəşəsini sanki, özüylə birlikdə göylərə aparmışdı. Bir gün Calli kənddən bir qədər aralıda yerləşən qayanın zirvəsindən özünü yerə ataraq intihar etdi, bununla da Karlikin yanına yollandı, cisimləri qovuşmasa da ruhları qovuşdu.

Bu hadisə əqrəbin zəhərli neştəri kimi Maksın qəlbini yaraladı. Rocer əminin ədalətsiz, amansız qanunlarına qarşı çıxmaq isə Maksın hüdudlarından kənar idi. Rocer əmi xarakterinə görə, yay aylarında susuzluqdan insanların ciyərlərini yandıran, boğazların qurudan nəfəslərini kəsən qızmar Günəşə, Maks isə gecənin zülmət qaranlığında insanların yolunu işıqlandıran Aya bənzəyirdi. Rocer əmi bir dəfə Maksa yaxınlaşaraq dedi:

- Mən əslində, bu zavallı keçiləri xilas etdim. Ölümdən daha ağır cəza var, o da yaşamaqdır. əgər, bilsəydim ki, Calli intiar edəcək, onu da vaxtında kəsərdim. Bu hadisədən iyirmi iki il keçsə də Maks hələ də xatirələri unuda bilmir. Bəlkə də unuda bilməməsinin səbəbi bu xatirələrin onun uşaqlıq illərinə mənsub olmasındadır. Hal-hazırda Maks bu xatirələri düşünərkən öz-özünə sual verdi:

- Hansı daha vəhşidir, insan yoxsa heyvan?

 

 

 

10.08.2010

Müəllif: Nicat Həşimzadə

Mətni yazdı: Rauf Rəhmanov

Email:raufrehmanov@yahoo.com

 

 


Category: Hekayələr | Added by: НАНУ (2010-12-06)
Views: 777 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 НАНУ   (2010-12-06 11:41 PM) [Yaz;]
adam oxuduqca ozude yazmaq istiyir wink

Only registered users can add comments.
[ Registration | Login ]
Click for live chat
Reyting
Sevdiyiniz janrı seçin

Всего ответов: 27
Tag Board
500
Statistika

Ümumi miqdar onlayn: 1
Qonaq: 1
İstifadəçilər: 0
Axtar

ip address
Copyright MyCorp © 2024 |