Cümə, 2024-04-26, 2:50 PM
Welcome Guest

Html KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml Kodlar

Get cash from your website. Sign up as affiliate

Məqalələr

Main » Articles » Hekayələr

Tikanlı güllər

Tikanlı güllər

 


 

Həyatın əzab-əziyyətlərinə, məşəqqətlərinə, zülmlərinə , uzun müddətdir ki, dözürəm. Lakin,  son zamanlar səbrim tükənib, daha dözümüm qalmayıb. Artıq, həyatın zülmət dolu qaranlıq gecələrində keçirdiyim tənhalıqdan, başımı söykəyə biləcək bir çiyinin, səhər işə gedərkən məni gülər üzlə yola salan, axşam isə evə qayıdan zaman qapını üzümə açacaq bir insanın olmamasından bezmişəm. Bir zamanlar mən insanlara deyirdim:

- Mənə azadlıq, sərbəstlik verin və mən sizə sübut edim ki, qayda-qanunlar, çərçivələr heç zaman dahi insan yarada bilməz. Yalnız müstəqillik, sevgi-məhəbbət, müqəddəs hisslər və böyük ehtiraslar insana dahilik zirvəsi qazandıra bilər.

Amma, çox istədiyim müstəqilliyi həyat mənə bəxş etmədi və mən həmişə kimlərdənsə asılı olmaq məcburiyyətində qaldım. Qəlbindəki məhəbbət qığılcımları sönməyə başlanan andan etibarən həyat insan üçün maraqsız görünməyə başlayır və sanki, bütün canlılar səndən uzaqlaşmağa çalışırlar. Bir qədər uşaqlıq illərim haqqında danışsam yəqin ki, hörmətli oxucum kimsəsizlərin kimsəsizliklərini hiss etdikləri anlarda nələr yaşadıqlarını başa düşər.

Anam məni dünyaya gətirən, mənə həyat bəxş edən zaman dünyasını dəyişib və mən dünyaya gəldiyim ilk gün, sonradan mənə deyiləcək yetim adını qazanmışam. Atam isə mən altı yaşında olarkən yüksək qan təzyiqi nəticəsində həlak olub və mən məhz, bu gündən sonra tamamilə kimsəsiz qalmışam. Heç kəs bu zavallı uşağa kömək etmək istəmirdi və mən o zamanlar düşünürdüm ki, deyəsən Tanrı da məni unudub. Bəlkə də bütün bunlar həyatın amansız, güzəştsiz sınaqlarından biri idi və mən bu sınaqlarda ümidverici bir təsəlli tapmaqda çox aciz idim. Altı yaşında olarkən kimsəsiz qalmaq çox böyük dəhşətdir. Bu elə bir yaradır ki, bu yaranı dünyanın nə ən yaxşı həkimi, nə də ən yaxşı şairi sağalda bilər.

Atamın ölümündən sonra məni rayonumuzdakı uşaq evinə göndərdilər. Bəzi şəxslər uşaq evlərini yetimxanalar adlandırmaqla onsuz da kimsəziz olan bu uşaqlara kimsəsizliklərini daha qabarıq formada hiss etdirirlər. Uşaq evində müəllimlərimiz, tərbiyəçilərimiz mənə böyük qayğıyla, böyük məhəbbətlə yanaşaraq sanki, anamın yoxluğunu unutdurmağa çalışırdılar. Amma, heç bir qayğı heç bir qüvvə mənə anamı unutdura bilməzdi. Anamla bağlı heç bir xatirəmin olmaması məni çox məyus edirdi. Amma,hiss edirdim ki, anam qəlbən mənə yaxındır və onun ruhu mənə xeyir-dualar verir. Bəlkə də bu, kimsəsiz uşaqların mənasız, məntiqsiz xəyallarıdır. Lakin, bir gün hansısa kimsəsiz uşağa rast gəlsəniz, ona bu düşüncələrin xəyal olduğunu və həqiqətə uymadığını söyləsəniz, bununla həmin uşağın qəlbini qırmış olarsınız və o, sizdən uzaqlaşdıqdan sonra əzabverici, kimsəsizliyin əksi olan göz yaşları tökər.

Bayram ərəfələrində tez-tez bu sözləri eşidirdim:

-        Anam yaşasaydı, bayram günü mənə plov bişirərdi.

-        Atam sağ olsaydı, bayram günü mənə sevdiyim şirniyatlardan alardı.

- Anam sağ olsaydı, bayram günləri məni parklara aparadı.

Mən isə təkcə bir şeyi arzu edirdim:

- Kaş ki, anam sağ olaydı.Həyatda ən böyük istəyim bu idi. Onun varlığı mənim üçün həyatın ən böyük hədiyyəsi olardı.

Doqquz yaşım olarkən eşitdim ki, yuxuda qızıl balıq görəndə bil ki, arzun həyata keçəcək. Bir  gün yuxuda qızıl balıq gördüm, ona anamı mənə qaytar-deyəndə, yoxa çıxdı, nə qədər axtarsam da arzuları gerçəkləşdirən həmin balığı tapa bilmədim. O zamanlar uşaq olduğuma görə, bu yuxunun mənasını tamamilə başa düşə bilməmişdim.

Bir gün  yoldaşlarımızla birlikdə çox faciəvi bir hadisənin şahidi olduq. Yaşca məndən dörd yaş böyük olan Sultan adlı bir oğlan yatmamışdan əvvəl bizə dedi ki, mən anamın yanına getmək istəyirəm. Biz elə düşündük ki o, gizli şəkildə binadan çıxaraq anasının yanına gedəcək, sonra da geri qayıdacaq. Ancaq, hər şey başqa cür oldu. Səhər yuxudan ayılarkən gördük ki, binada polis isçiləri var və onlar müəllimlərimizlə söhbətləşirlər. Biz hələ də bu mənzərənin nəyin nəticəsində yarandığını dərk eləmirdik. Sonra isə polis işçilərindən biri yüksək səslə dedi:

- Yəni, Siz demək istəyirsiniz ki, bu uşağın ölümündə heç kəs günahkar deyil?

Bu sözləri eşitdikdən sonra yaranan məchulluq artıq, məlumluğa çevrildi və biz yoldaşımızın intihar etdiyini düşündük. Ancaq, bu məlumluğun özündə pərdəarxası məchulluqlar gizlənmişdi. Onun da mənim kimi anasız olmasını heç vaxt eşitməmişdim. O anasının yanına getmək istəyini bu şəkildə reallaşdırmaq istəmişdi. Uşaqlar yuxuya getdikdən sonra pəncərəni açmış, ona, sənin yanına gəlirəm deyərək özünü aşağı atmışdı. Sonra rəhbər və müəllim heyətində bəzi dəyişiklər edildi. Bu hadisə bütün uşaqlara çox ağır təsir göstərmişdi. Biz yoldaşımızı itirmişdik və bu, bizim üçün çox böyük dərdə çevrilmişdi.

Həmyaşıdlarımla həmişə yaxşı yoldaşlıq münasibətlərim olub, ancaq dost tapmağa heç vaxt tələsməmişəm. Çünki, dahilərdən birinin dediyi fikir həmişə beynimdə səslənirdi. ”Əgər, bir-birilərinin fikirlərini oxuya bilsəydilər, nə qədər adam dostsuz qalardı.” Sizə bir qədər uşaqlıq illərim haqqında danışdım və yəqin ki, siz mənim və mənim kimilərin kimsəsizlikdən necə əzab çəkdiklərini dərk etdiniz.

Hal-hazırda iyirmi üç yaşım var və mən həyatdan bezmişəm. Çünki, bu günə kimi heç kim mənə kimsəsizliyimi unutdurmağa çalışmadı, sadəcə olaraq, uşaq yaşlarımda ikən, bəzi insanlar mənə qayğıyla yanaşaraq nəvaziş göstərdilər. Amma, o insanlar mənim problemlərimlə maraqlanmadılar, o insanlar mənə həyatın qanunauyğunluqlarını öyrətmədilər. Onlar göstərdikləri yalançı nəvaziş və qayğıların əvəzində əmək haqqı alırdılar. Mən isə uşaq olarkən elə düşünürdüm ki, o insanlar həqiqətən məni sevirlər. Volterin məhşur ifadəsini yadınıza salmaq istəyirəm. "Qoy gənclər dünyanı xəyal etdikləri kimi görsünlər, böyüyəndə onsuz da necə olduğunu görəcəklər.” Yaşım artdıqca mən həyat həqiqətlərini daha aydın şəkildə dərk edirdim və bu aydınlıqlar mənim arzularımın, xəyallarımın puça çıxdığını göstərirdi.

Mən həyatın çirkinliklərindən, saxtakarlığından, hisslərin, gözəl düşüncələrin şəxsi mənafelərin qurbanına çevrilməsindən bezmişəm. Bir şeyi dəqiq bilirəm. Bilirəm ki, ölmək, həyatla vidalaşmaq istəyirəm. Məni həyata bağlayacaq heç bir vasitə yoxdur. Bəlkə mən də dünya kitabını yalnış oxuyub, sonra isə onun məni aldatdığını deyən insanlardan biriyəm. Hər halda bunun elə də əhəmiyyəti yoxdur. Mən qərarımı vermişəm. Başa düşürəm ki, Fransua Rable adlı bir yazıçının dediyi kimi, əsas məsələ sürətlə qaçmaq yox, vaxtından əvvəl yerindən götürülməyindir. Amma, mən vaxtımdan əvvəl yerimdən götürülmək istədiyim anda tale anamı məndən almaqla ayaqlarımı sındırdı, o anda ağrı hiss etmədim, çünki, bütün bədənim keyimişdi, keyim açılandan sonra hərəkət etmək istədim və məhz, həmin anda başa düşdüm ki, ayaqlarım sınıb. Daha sonra mən əllərim üstdə gəzməyə çalışdım, təzə-təzə öyrənmişdim ki, tale bu dəfə atamı məndən almaqla əllərimi qırdı. Bu anda isə həyatı azacıq da olsa anladığıma görə, ağrını hiss etdim. Daha sonra tale məni kimsəsizlik əzabına yuvarlamaqla daha bir dəfə qəlbimi qırdı və həyatla bağlı bütün telləri qırılmış bu insan intihar etmək niyyətindədir.

Bu günə kimi mənə kimsə demədi ki, darıxma, narahat olma, tale bir gün sənin də üzünə güləcək, bu günə kimi kimsə mənə demədi ki, bir gün sən də müstəqil, heç kimdən asılı olmayan bir insana çevriləcəksən. Bir zamanlar uşaq evində olarkən mən müəllimlərimdən asılı idim, indi isə məni usta köməkçisi kimi işə götürən ustadan, inşaat mühəndisindən və evində yaşadığım, kirayə haqqı ödədiyim ev sahibindən asılıyam. Iş yoldaşlarım da mən istəyən yoldaşlardan deyil. Heç biri məni başa düşmək istəmir.

Artıq, hər şey hazırdır,kəndirin bir hissəsi tavandan asılıb, digər hissəsini boğazıma keçirmişəm, ayağımın altında isə stul var. Mən son dəfə dua edəcəm, ayağımın altındakı stulu aşıracam və bununla da hər şey bitəcək. Bitəcəkmi, bu, baş verəcəkmi? Mən hələ düşünürəm, bəlkə bunu etməyim, axı həyat nə qədər acı olsa da bəşər övladı yaşamaq istəyir. Amma yox, mən bunu edəcəm, çünki artıq, yaşamağın mənası yoxdur, duamı bitirib stulu aşıracam. Duanı oxumağa başlayıram, saniyələr keçir və mənim ölüm anım yaxınlaşır.

Məhz, duanı bitirdiyim saniyədə mobil telefonuma zəng gəlir. Düşünürəm, görəsən cavab verimmi? Yəqin ki, cavab versəm yaxşıdır. Çünki bu, elə bir zəng ola bilər ki, bu zəngə cavab vermədiyimə görə, keçirdiyim dərin peşmançılıq hissindən yenidən həyata gəlmək istəyərəm. Bu, elə bir zəng ola bilər ki, mənə yararsız insan olduğumu unutdurar. Qərarım qətidir, cavab verəcəm. Şalvarımın sağ cibindən telefonumu çıxarıram, yes düyməsini basıram və cavab verirəm. Bu anda kəndir hələ boğazımdadır. Zəng edən iş yoldaşımdır.

-                                                                                      Alo, eşidirəm Rəsul, nə baş verib?

Danışığından Rəsulun çox həyacanlı olduğu  hiss olunurdu.

- Təcili bizim yaşadığımız binanın yanındakı xəstəxanaya gəl. Atam yaralıdır, xeyli qan itirib və ona mənfi üç rezurslu qan lazımdır. Tez ol, gəl, gözləyirəm. Şəxsiyyət vəsiqənə baxanda sənin qan qupunu görmüşdüm.

Bu anda dərk etdim ki, mən getməməklə kimisə atasından həmişəlik uzaqlaşdıra, atasız qoya bilərəm. Buna imkan verə bilməzdim. İyirmi beş dəqiqədən sonra mən artıq, xəstəxanada idim. Rəsul məni xəstəxananın giriş qapısında qarşıladı. Çox qısa müddət ərzində məndən qan alındı və düşündüm ki, mən də kiməsə lazım imişəm, nəhayət, mən də kiminsə işinə yaraya bildim. Tam on üç gündən sonra Rəsulun atası artıq evdə süfrə arxasında əyləşmişdi, həmin anda mən içəri daxil oldum və o, sevincək ayağa qalxaraq gülər üzlə məni qarşıladı. Çay içdikdən sonra mənə bağa düşərək onun əkdiyi güllərə baxmağı təklif etdi. Bağda yalnız qızılgüllər əkilmişdi, ağ və qırmızı qızılgüllər xüsusi rəngarənglik yaratmışdı və bu rənglərdə xüsusi məna çalarları əks olunurdu.

Çox nurani simaya malik olan bu qoca qızılgüllərə yaxınlaşdı və sol əli ilə qarşısındakı qızılgülün yarpaqlarını sığallayaraq, asta səslə danışmağa başladı.

- Oğul, bu güllərə diqqətlə bax. Bu güllər real həyatın göstəriciləridir. Enişli və yoxuşlu, xeyirli və şərli, zülmətli və işıqlı həyatın simvoludur. Bu güllərin tikanlarına baxıb düşünmə ki, güllər ətirsiz, təravətsiz, rəngsizdir. Ləçəklərinə diqqətlə baxanda dərk edəcəksən ki, ətirsiz, təravətsiz, rəngsiz olan əslində tikanların özləridir. Bağban dostum bir dəfə mənə demişdi ki, gülün tikanı var deyə üzülmə, tikanın gülü var deyə sevin.

- Mən səni özümə oğul hesab edirəm və inan ki, Rəsuldan zərrə qədər də ayırmıram. Bir şeyi unutma ki, bütün eybəcərliklərinə, saxtakarlığına, riyakarlığına baxmayaraq həyat çox gözəldir və həqiqətən də yaşamağa dəyər. Ən azı ona görə ki, həyat yalnız tikanlardan ibarət deyil.

Bu sözlər uzun müddət beynimdə səsləndi və məhz, bu sözlər məni intihar etmək fikrindən daşındırdı.

 

 

 

Tarix:05.12.2010

Müəllif: Nicat Həşimzadə

Mətni yazdı: Rauf Rəhmanov

E-mail:vipwebdesign@mail.ru

Web site: http://foryoung.do.am/


Category: Hekayələr | Added by: НАНУ (2010-12-06)
Views: 989 | Comments: 5 | Rating: 5.0/1
Total comments: 5
0  
1 НАНУ   (2010-12-06 11:12 PM) [Yaz;]
Şərh yazmağı unutmayın angel

+1  
2 Habil Yaşar   (2010-12-19 1:19 PM) [Yaz;]
Sizin kimi istedadlı gəncləri görəndə inanın ki,çox sevinirəm Allah sizi qorusun Ugurlar olsun sizə Amin!

0  
3 Rufet   (2011-01-21 6:18 PM) [Yaz;]
muellife minnnetdarligmi bildirirem bele bi hekayeye gore

0  
4 ULKER   (2012-12-24 11:32 AM) [Yaz;]
salam men sizin eserlerinizi nece oxuyum???

0  
5 Nicat Həşimzadə   (2014-01-09 1:56 AM) [Yaz;]
facebook da mene dostluq gondere bilersiz ya da eqoist. net saytindan

Only registered users can add comments.
[ Registration | Login ]
Click for live chat
Reyting
Sevdiyiniz janrı seçin

Всего ответов: 27
Tag Board
500
Statistika

Ümumi miqdar onlayn: 1
Qonaq: 1
İstifadəçilər: 0
Axtar

ip address
Copyright MyCorp © 2024 |