Tikanlı güllər
Həyatın
əzab-əziyyətlərinə, məşəqqətlərinə, zülmlərinə , uzun müddətdir ki, dözürəm.
Lakin, son zamanlar səbrim tükənib, daha
dözümüm qalmayıb. Artıq, həyatın zülmət dolu qaranlıq gecələrində keçirdiyim
tənhalıqdan, başımı söykəyə biləcək bir çiyinin, səhər işə gedərkən məni gülər
üzlə yola salan, axşam isə evə qayıdan zaman qapını üzümə açacaq bir insanın
olmamasından bezmişəm. Bir zamanlar mən insanlara deyirdim:
- Mənə azadlıq,
sərbəstlik verin və mən sizə sübut edim ki, qayda-qanunlar, çərçivələr heç
zaman dahi insan yarada bilməz. Yalnız müstəqillik, sevgi-məhəbbət, müqəddəs
hisslər və böyük ehtiraslar insana dahilik zirvəsi qazandıra bilər.
Amma, çox
istədiyim müstəqilliyi həyat mənə bəxş etmədi və mən həmişə kimlərdənsə asılı
olmaq məcburiyyətində qaldım. Qəlbindəki məhəbbət qığılcımları sönməyə başlanan
andan etibarən həyat insan üçün maraqsız görünməyə başlayır və sanki, bütün
canlılar səndən uzaqlaşmağa çalışırlar. Bir qədər uşaqlıq illərim haqqında
danışsam yəqin ki, hörmətli oxucum kimsəsizlərin kimsəsizliklərini hiss
etdikləri anlarda nələr yaşadıqlarını başa düşər.
Anam məni
dünyaya gətirən, mənə həyat bəxş edən zaman dünyasını dəyişib və mən dünyaya
gəldiyim ilk gün, sonradan mənə deyiləcək yetim adını qazanmışam. Atam isə mən
altı yaşında olarkən yüksək qan təzyiqi nəticəsində həlak olub və mən məhz, bu
gündən sonra tamamilə kimsəsiz qalmışam. Heç kəs bu zavallı uşağa kömək etmək
istəmirdi və mən o zamanlar düşünürdüm ki, deyəsən Tanrı da məni unudub. Bəlkə
də bütün bunlar həyatın amansız, güzəştsiz sınaqlarından biri idi və mən bu
sınaqlarda ümidverici bir təsəlli tapmaqda çox aciz idim. Altı yaşında olarkən
kimsəsiz qalmaq çox böyük dəhşətdir. Bu elə bir yaradır ki, bu yaranı dünyanın
nə ən yaxşı həkimi, nə də ən yaxşı şairi sağalda bilər.
Atamın ölümündən
sonra məni rayonumuzdakı uşaq evinə göndərdilər. Bəzi şəxslər uşaq evlərini
yetimxanalar adlandırmaqla onsuz da kimsəziz olan bu uşaqlara kimsəsizliklərini
daha qabarıq formada hiss etdirirlər. Uşaq evində müəllimlərimiz,
tərbiyəçilərimiz mənə böyük qayğıyla, böyük məhəbbətlə yanaşaraq sanki, anamın
yoxluğunu unutdurmağa çalışırdılar. Amma, heç bir qayğı heç bir qüvvə mənə
anamı unutdura bilməzdi. Anamla bağlı heç bir xatirəmin olmaması məni çox məyus
edirdi. Amma,hiss edirdim ki, anam qəlbən mənə yaxındır və onun ruhu mənə
xeyir-dualar verir. Bəlkə də bu, kimsəsiz uşaqların mənasız, məntiqsiz
xəyallarıdır. Lakin, bir gün hansısa kimsəsiz uşağa rast gəlsəniz, ona bu
düşüncələrin xəyal olduğunu və həqiqətə uymadığını söyləsəniz, bununla həmin
uşağın qəlbini qırmış olarsınız və o, sizdən uzaqlaşdıqdan sonra əzabverici,
kimsəsizliyin əksi olan göz yaşları tökər.
Bayram
ərəfələrində tez-tez bu sözləri eşidirdim:
-
Anam yaşasaydı, bayram günü mənə plov bişirərdi.
-
Atam sağ olsaydı, bayram günü mənə sevdiyim şirniyatlardan alardı.
- Anam sağ olsaydı, bayram
günləri məni parklara aparadı.
Mən isə təkcə bir
şeyi arzu edirdim:
- Kaş ki, anam
sağ olaydı.Həyatda ən böyük istəyim bu idi. Onun varlığı mənim üçün həyatın ən
böyük hədiyyəsi olardı.
Doqquz yaşım olarkən eşitdim ki, yuxuda qızıl balıq görəndə bil ki,
arzun həyata keçəcək. Bir gün yuxuda
qızıl balıq gördüm, ona anamı mənə qaytar-deyəndə, yoxa çıxdı, nə qədər
axtarsam da arzuları gerçəkləşdirən həmin balığı tapa bilmədim. O zamanlar uşaq
olduğuma görə, bu yuxunun mənasını tamamilə başa düşə bilməmişdim.
Bir
gün yoldaşlarımızla birlikdə çox faciəvi
bir hadisənin şahidi olduq. Yaşca məndən dörd yaş böyük olan Sultan adlı bir
oğlan yatmamışdan əvvəl bizə dedi ki, mən anamın yanına getmək istəyirəm. Biz
elə düşündük ki o, gizli şəkildə binadan çıxaraq anasının yanına gedəcək, sonra
da geri qayıdacaq. Ancaq, hər şey başqa cür oldu. Səhər yuxudan ayılarkən
gördük ki, binada polis isçiləri var və onlar müəllimlərimizlə söhbətləşirlər.
Biz hələ də bu mənzərənin nəyin nəticəsində yarandığını dərk eləmirdik. Sonra
isə polis işçilərindən biri yüksək səslə dedi:
-
Yəni, Siz demək istəyirsiniz ki, bu uşağın ölümündə heç kəs günahkar deyil?
Bu
sözləri eşitdikdən sonra yaranan məchulluq artıq, məlumluğa çevrildi və biz
yoldaşımızın intihar etdiyini düşündük. Ancaq, bu məlumluğun özündə pərdəarxası
məchulluqlar gizlənmişdi. Onun da mənim kimi anasız olmasını heç vaxt
eşitməmişdim. O anasının yanına getmək istəyini bu şəkildə reallaşdırmaq
istəmişdi. Uşaqlar yuxuya getdikdən sonra pəncərəni açmış, ona, sənin yanına
gəlirəm deyərək özünü aşağı atmışdı. Sonra rəhbər və müəllim heyətində bəzi
dəyişiklər edildi. Bu hadisə bütün uşaqlara çox ağır təsir göstərmişdi. Biz
yoldaşımızı itirmişdik və bu, bizim üçün çox böyük dərdə çevrilmişdi.
Həmyaşıdlarımla
həmişə yaxşı yoldaşlıq münasibətlərim olub, ancaq dost tapmağa heç vaxt
tələsməmişəm. Çünki, dahilərdən birinin dediyi fikir həmişə beynimdə səslənirdi.
”Əgər, bir-birilərinin fikirlərini oxuya bilsəydilər, nə qədər adam dostsuz
qalardı.” Sizə bir qədər uşaqlıq illərim haqqında danışdım və yəqin ki, siz
mənim və mənim kimilərin kimsəsizlikdən necə əzab çəkdiklərini dərk etdiniz.
Hal-hazırda
iyirmi üç yaşım var və mən həyatdan bezmişəm. Çünki, bu günə kimi heç kim mənə
kimsəsizliyimi unutdurmağa çalışmadı, sadəcə olaraq, uşaq yaşlarımda ikən, bəzi
insanlar mənə qayğıyla yanaşaraq nəvaziş göstərdilər. Amma, o insanlar mənim
problemlərimlə maraqlanmadılar, o insanlar mənə həyatın qanunauyğunluqlarını
öyrətmədilər. Onlar göstərdikləri yalançı nəvaziş və qayğıların əvəzində əmək
haqqı alırdılar. Mən isə uşaq olarkən elə düşünürdüm ki, o insanlar həqiqətən
məni sevirlər. Volterin məhşur ifadəsini yadınıza salmaq istəyirəm. "Qoy
gənclər dünyanı xəyal etdikləri kimi görsünlər, böyüyəndə onsuz da necə
olduğunu görəcəklər.” Yaşım artdıqca mən həyat həqiqətlərini daha aydın şəkildə
dərk edirdim və bu aydınlıqlar mənim arzularımın, xəyallarımın puça çıxdığını
göstərirdi.
Mən
həyatın çirkinliklərindən, saxtakarlığından, hisslərin, gözəl düşüncələrin
şəxsi mənafelərin qurbanına çevrilməsindən bezmişəm. Bir şeyi dəqiq bilirəm.
Bilirəm ki, ölmək, həyatla vidalaşmaq istəyirəm. Məni həyata bağlayacaq heç bir
vasitə yoxdur. Bəlkə mən də dünya kitabını yalnış oxuyub, sonra isə onun məni
aldatdığını deyən insanlardan biriyəm. Hər halda bunun elə də əhəmiyyəti
yoxdur. Mən qərarımı vermişəm. Başa düşürəm ki, Fransua Rable adlı bir
yazıçının dediyi kimi, əsas məsələ sürətlə qaçmaq yox, vaxtından əvvəl yerindən
götürülməyindir. Amma, mən vaxtımdan əvvəl yerimdən götürülmək istədiyim anda
tale anamı məndən almaqla ayaqlarımı sındırdı, o anda ağrı hiss etmədim, çünki,
bütün bədənim keyimişdi, keyim açılandan sonra hərəkət etmək istədim və məhz,
həmin anda başa düşdüm ki, ayaqlarım sınıb. Daha sonra mən əllərim üstdə
gəzməyə çalışdım, təzə-təzə öyrənmişdim ki, tale bu dəfə atamı məndən almaqla
əllərimi qırdı. Bu anda isə həyatı azacıq da olsa anladığıma görə, ağrını hiss
etdim. Daha sonra tale məni kimsəsizlik əzabına yuvarlamaqla daha bir dəfə
qəlbimi qırdı və həyatla bağlı bütün telləri qırılmış bu insan intihar etmək
niyyətindədir.
Bu
günə kimi mənə kimsə demədi ki, darıxma, narahat olma, tale bir gün sənin də
üzünə güləcək, bu günə kimi kimsə mənə demədi ki, bir gün sən də müstəqil, heç
kimdən asılı olmayan bir insana çevriləcəksən. Bir zamanlar uşaq evində olarkən
mən müəllimlərimdən asılı idim, indi isə məni usta köməkçisi kimi işə götürən
ustadan, inşaat mühəndisindən və evində yaşadığım, kirayə haqqı ödədiyim ev
sahibindən asılıyam. Iş yoldaşlarım da mən istəyən yoldaşlardan deyil. Heç biri
məni başa düşmək istəmir.
Artıq,
hər şey hazırdır,kəndirin bir hissəsi tavandan asılıb, digər hissəsini boğazıma
keçirmişəm, ayağımın altında isə stul var. Mən son dəfə dua edəcəm, ayağımın
altındakı stulu aşıracam və bununla da hər şey bitəcək. Bitəcəkmi, bu, baş
verəcəkmi? Mən hələ düşünürəm, bəlkə bunu etməyim, axı həyat nə qədər acı olsa da
bəşər övladı yaşamaq istəyir. Amma yox, mən bunu edəcəm, çünki artıq, yaşamağın
mənası yoxdur, duamı bitirib stulu aşıracam. Duanı oxumağa başlayıram,
saniyələr keçir və mənim ölüm anım yaxınlaşır.
Məhz,
duanı bitirdiyim saniyədə mobil telefonuma zəng gəlir. Düşünürəm, görəsən cavab
verimmi? Yəqin ki, cavab versəm yaxşıdır. Çünki bu, elə bir zəng ola bilər ki,
bu zəngə cavab vermədiyimə görə, keçirdiyim dərin peşmançılıq hissindən yenidən
həyata gəlmək istəyərəm. Bu, elə bir zəng ola bilər ki, mənə yararsız insan
olduğumu unutdurar. Qərarım qətidir, cavab verəcəm. Şalvarımın sağ cibindən
telefonumu çıxarıram, yes düyməsini basıram və cavab verirəm. Bu anda kəndir
hələ boğazımdadır. Zəng edən iş yoldaşımdır.
-
Alo, eşidirəm Rəsul, nə baş verib?
Danışığından Rəsulun çox
həyacanlı olduğu hiss olunurdu.
-
Təcili bizim yaşadığımız binanın yanındakı xəstəxanaya gəl. Atam yaralıdır,
xeyli qan itirib və ona mənfi üç rezurslu qan lazımdır. Tez ol, gəl,
gözləyirəm. Şəxsiyyət vəsiqənə baxanda sənin qan qupunu görmüşdüm.
Bu
anda dərk etdim ki, mən getməməklə kimisə atasından həmişəlik uzaqlaşdıra,
atasız qoya bilərəm. Buna imkan verə bilməzdim. İyirmi beş dəqiqədən sonra mən
artıq, xəstəxanada idim. Rəsul məni xəstəxananın giriş qapısında qarşıladı. Çox
qısa müddət ərzində məndən qan alındı və düşündüm ki, mən də kiməsə lazım
imişəm, nəhayət, mən də kiminsə işinə yaraya bildim. Tam on üç gündən sonra
Rəsulun atası artıq evdə süfrə arxasında əyləşmişdi, həmin anda mən içəri daxil
oldum və o, sevincək ayağa qalxaraq gülər üzlə məni qarşıladı. Çay içdikdən
sonra mənə bağa düşərək onun əkdiyi güllərə baxmağı təklif etdi. Bağda yalnız
qızılgüllər əkilmişdi, ağ və qırmızı qızılgüllər xüsusi rəngarənglik yaratmışdı
və bu rənglərdə xüsusi məna çalarları əks olunurdu.
Çox
nurani simaya malik olan bu qoca qızılgüllərə yaxınlaşdı və sol əli ilə
qarşısındakı qızılgülün yarpaqlarını sığallayaraq, asta səslə danışmağa
başladı.
-
Oğul, bu güllərə diqqətlə bax. Bu güllər real həyatın göstəriciləridir. Enişli
və yoxuşlu, xeyirli və şərli, zülmətli və işıqlı həyatın simvoludur. Bu
güllərin tikanlarına baxıb düşünmə ki, güllər ətirsiz, təravətsiz, rəngsizdir.
Ləçəklərinə diqqətlə baxanda dərk edəcəksən ki, ətirsiz, təravətsiz, rəngsiz
olan əslində tikanların özləridir. Bağban dostum bir dəfə mənə demişdi ki,
gülün tikanı var deyə üzülmə, tikanın gülü var deyə sevin.
-
Mən səni özümə oğul hesab edirəm və inan ki, Rəsuldan zərrə qədər də ayırmıram.
Bir şeyi unutma ki, bütün eybəcərliklərinə, saxtakarlığına, riyakarlığına
baxmayaraq həyat çox gözəldir və həqiqətən də yaşamağa dəyər. Ən azı ona görə
ki, həyat yalnız tikanlardan ibarət deyil.
Bu
sözlər uzun müddət beynimdə səsləndi və məhz, bu sözlər məni intihar etmək
fikrindən daşındırdı.
Tarix:05.12.2010
Müəllif: Nicat Həşimzadə
Mətni yazdı: Rauf Rəhmanov
E-mail:vipwebdesign@mail.ru
Web
site: http://foryoung.do.am/
|