Uşaqlıq xatirələri
Tamamilə axşam
olmasa da, axşam tərəfi idi. Hava yavaş-yavaş qaralırdı. Günəş məcburiyyət
qarşısında qalaraq öz yerini aya verirdi. Ay isə özünü naza qoymuşdu. Günəşi
sevənlər onun batmasını üzüntüylə, Ayı sevənlər isə onun gəlişini sevinclə qarşılayırdılar.
Aylı, ulduzlu gecələrdə qoşa gəzən sevgililər onun gəlişinə sevinir, tənha
insanlar isə gecənin zülmət qaranlığında tənhalıqları ilə baş-başa
qalacaqlarına görə, üzülürdülər.
Londonun balaca
mehmanxanalarında evli kişilərin qanlarının qaynayan, ehtiraslarının coşan
vaxtı idi. Axşam isə ləyaqətli ailə başçısı kimi evlərinə dönəcəkdilər və
xanımları onların paltosunu çıxaracaq, ayaqqabısını ayaq altından götürəcək,
çayını süzəcək, yeməyini gətirəcəkdi.
Seyrək sarı
saçlı, iri mavi gözlü, ensiz kürəkli, toppuş yanaqlı, azacıq uzun burunlu Maks
Teylor yazı masasının sağ tərəfində yerləşən kresloya dirsəklənərək Cek
Londonun "Dəmir daban " romanını oxuyur. Sol qaşında dərin çapıq, boğazında
yara izləri var. Yanaqları dolu olsa da Maks çox arıqdır. Yəqin ki, gecə-
gündüz mənfəət və zərərləri, maya dəyəri xərclərini hesablamaq ona kökəlməyə
imkan vermirdi. Londonun ən məhşur firmalarından birində baş mühasib
vəzifəsində çalışır və işini heç sevməsə də gəlir xətrinə işindən ayrıla bilmir.
İşi çox ağır, yorucu və bezdiricidir. Fiziki əmək sərf etməsə də, həddən artıq
zehni əmək sərf edir. Belə ki, o, mühasibat hesabatının daxili və həmçinin
xarici istifadəçiləri üçün müəssisənin fəaliyyəti haqqında tam və düzgün
informasiya formalaşdırmalı, istehsal edilmiş ehtiyatlardan faktiki istifadəsi
üzərində nəzarəti təmin etməli, aşkar edilmiş ehtiyatlardan faktiki istifadəni
qiymətləndirməlidir. Digər işləri köməkçi mühasib görürdü. Lakin, Maks hər bir
informasiyanı dəqiq yoxladıqdan sonra imzasını çəkir və hesabatları rəhbərliyə
təqdim edir. Onun işlədiyi firma hər bir mövsümə uyğun olaraq kişi geyimləri
istehsal edir və bu məhsullar bir çox ölkələrə ixrac olunur.
Maks hesablar
üzərində çalışmaqdan təngə gəlmişdi. Hazırkı dövrdə isə başqa iş axtarmaq
ağılsızlıq hesab oluna bilərdi. Çünki, Londonda maliyyə böhranı ilə əlaqədar
olaraq işsizlik hökm sürür və işsizlərin sayı günü-gündən artır. Bəzən Maks gecələr
yuxuda danışırdı:
- Məhsul
istehsalına sərf olundu 4600 dollar, nəqliyyat-tədarük xərcləri 270 dollar,
reklam xərcləri 2230 dollar, indi maya dəyərini hesablayım: 4600 üstəgəl 270
bərabərdir 4870-ə. 4870 üstəgəl 2230 bərabərdir 7100-ə. Deməli, maya dəyəri
7100 dollardır. Satışdan əldə olunan gəlir 13200 dollar. 13200-dən 7100-ü
çıxanda 6100 edir. Deməli, müəssisənin mənfəəti 6100 dollardır. Bu firmanın
həftəlik hesabatıdır.
Hesabat işləri
Maksı dəli olmaq dərəcəsinə gətirmişdi, onun iş qrafiki çox sıx idi. Amma, nə
etmək olardı? Ac qalmamaq, kirayə haqqını
vermək, digər ehtiyaclarını ödəmək üçün bu hesabat işlərini həll etməliydi.
Daha sonra isə o, ədədlərin arxasında gizlənən mənanı aşkar eməyə çalışırdı. O
düşünürdü ki, 0-ı 1-dən əvvəl yazanda heç bir ədəd olınmır və riyazi qanunlar
pozulur. Axı 01 nə deməkdir? Belə ədəd yoxdur. Amma, 1-i 0-dan əvvəl yazanda 10
ədədi alınır. Maksın fikrincə bu, azlığın çoxluğa, güclünün gücsüzə tabe
olmasının göstəricisidir. Bundan sonra o, milyardlarla natural ədədlərin
yazılmasında sadəcə, on rəqəmin iştirak etdiyinə fikir verdi. Maks düşünməyə
başladı:
- Görəsən, real
həyatda da belədir?
Milyardlarla insanın həyatı səkkiz-doqquz insanın həyatından asılıdır? Sonra bu
suala qəti əminliklə bəli cavabını verdi.
Nəhayət,
bunlardan da bezdi və uzaq keçmişi, uşaqlıq illərini xatirində canlandırmağa
başladı. Onun uşaqlıq xatirələrinin yaddaş dəftəri həm qızıl incilərlə, həm də
qara hərflərlə yazılmışdı.
Iyirmi iki il
bundan əvvəl Maks on üç yaşında olarkən yay tətilində əmisi Rocerin evinə qonaq
getmişdi. Rocer əmi kənddə yaşayır və kənd təsərrüfatı ilə məşğul olurdu. Maks
kənddə qonaq olduğu zaman Calli adlı bir keçiylə dostluq etməyə başlamışdı. O,
Calliyə qənd-çay, pirojna, şəkər çörəyi, cemli bulka verir və bundan böyük
məmnunluq duyurdu. Calli də zaman keçdikcə Maksa daha çox bağlanırdı. Rocer əmi
isə bunlara qəti fikir vermirdi.
Yəqin
düşünəcəksiz ki, insanla heyvan dost ola bilər? Keçiyə qənd-çay, bulka, şəkər
çörəyi verərlər? Sizin bu barədə olan fikirlərinizi bilmirəm, amma, mənim
düşüncəmə görə, Calli ilə Maksın münasibətində qaydadan kənar heç bir hal yoxdur.
Qayda deyərkən təbiyətin qayda-qanunlarını, prinsiplərini nəzərdə tuturam.
Təkəbbürlü insanlar yəqin ki, belə şeyləri ağılsızııq hesab edirlər.
Calli çayla
cemli bulkanı daha çox sevirdi. Maks onun xətrinə dəymək istəmədiyindən
istəklərini böyük mənnuniyyətlə yerinə yetirirdi. Bu münasibətlər başladıqdan
üç-dörd gün keçəndən sonra Calli Karlik adlı erkək keçiylə oynamağa, əylənməyə
başladı. Sonra dostlaşdılar, daha sonra biri-birilərini sevdilər. Heç də
düşünməyin ki, heyvanların hissləri, arzuları düşüncələri, xəyalları yoxdur.
Şəxsən mən balasını canavar yeyən ana inəyin necə göz yaşı tökdüyünün, sahibi
tərəfindən təhqir olunan atın necə kövrəldiyinin şahidi olmuşam.
Calli ilə
Karlikin dostlaşdığını görən Maks
Callini Karlikə qısqanmağa başladı. Calli Karliki Maksdan, həmçinin onun
verdiyi ərzaq məhsullarından üstün hesab etdi və bu, Maksı heyrətə salan hadisə
oldu. Lakin, bir neçə gündən sonra olacaq hadisə onu daha artıq heyrətə
salacaqdı. Bu barədə bir qədər sonra.
Rocer Maksın
əmisi olsa da, biri-birlərindən çox uzaq idilər. Belə ki, Rocer əmi yalnız özü
üçün yaşayan insan idi və buna gürə də, demək olar ki, Maksı heç görmürdü.
Rocer əmi şərəbı, xüsulilə də kəmşirin çaxırı çox sevirdi. Iki-üç qədəh içəndən
sonra çox vaxt deyərdi:
- Ayıq gözlə qüssə dolu
tutqun keçmişin gözlərinə baxmaqdansa sərxoş gözlə səadət dolu xoşbəxt
gələcəyin gözlərinə baxmaq yaxşıdır.
Yeddi-səkkiz qədəh
içdikdən sonra isə deyərdi:
- Həyatda lazım
olanda sürünməyi də bacarmaq lazımdır, çünki, sürünənlər heç vaxt yıxılmır.
Rocer əmi həmişə
özünü qürurlu və insan ürəyinin mahir bilicisi kimi göstərməyə çalışsa da
əslində, yalnız öz şəxsi mənafeyini güdən, sentimentallıqdan uzaq, lazım olanda
da qürurunu kənara ataraq sürünməyi bacaran insan idi. Özünü qürurlu göstərməyə
çalışmağı isə xudpəsəndlikdən başqa bir şey deyildi. O, sevgi münasibətlərini
ağılsızlıq, axmaqlıq hesab edirdi. Bu barədə söz düşündə o deyirdi:
- Dünyada yalnız
bir nəfəri görmək, gözlərində yalnız bir zülfü-cəmalın canlanması, ürəyində
yalnız bir adın, beynində yalnız bir fikrin olması ölçüyə gəlməz dərəcədə böyük
axmaqlıqdır.
Calli ilə Karlik
arasında baş vermiş məhəbbət hekayəsini
danışmıyacağam, çünki, məhəbbət hekayələrinin hamısı oxşar olur. Yəni, yalnız
oyunçuların dəyişməsi ilə özü dəyişməyən
oyun.
Rocer əmi
haqqında bir az da danışmaq istəyirəm. Maks mənim dostum olduğuna görə, onun
əmisinə mən də əmi deyirəm. Əgər, Rocer əmi sağ olsaydı, mən ümumiyyətlə onun
haqqında danışmazdım. Çünki, həm Maks, həm də mən ondan çox qorxurduq. Həyatda
elə insanlar var ki, heç nədən qorxmadıqlarına görə, hər kəs onlardan qorxur.
Rocer əmi də məhz, bu cür insanlardan idi. Namus adına aclıq çəkən insanları
dəli hesab edirdi. Bir az da zahiri görünüşü haqqında danışım. Elə bil ki, təbiət digər insanları gözəl yaratmaq üçün
onlara verilməli olan bütün iyrənc qalıqları bir yerə toplamış və Rocer əmini
bu xəmirdən yoğurmuşdu. Dazlaşmış başına və piy basmış qarnına baxanda
düşüncələrini anlamaq olardı.
Zaman keçdikcə
Callinin xətrinə Karlik də Maksla dostlaşdı və Maks buna görə, xeyi sevindi.
Artıq, Maks bulkaları, qənd-çayı, pirojnaları yalnız Calliyə yox, Karlikə də
verirdi. Bu üç canlı məxluq olduqca şən görünürdülər. Amma, eşitmişəm ki,
xoşbəxt günlərin ömrü az olur, ya da insan xoşbəxt olanda zamanın necə tezliklə
keçdiyini hiss etmir. Yəqin ki, ikinci ehtimal daha düzgündür.
Rocer əmiylə
Maks arasında göylə yer arasındakı məsafə qədər fərq vardı. Bir gün isə Rocer
əmi Maksı və Callini son dərəcə sarsıdacaq hərəkət etdi.
Maks yatırdı, şirin
yuxuda idi və yuxuda səmada qartaltək qanaq çalırdı. Səmada qanaq çalan bu
qartal haqq-ədalət carçısı idi. O, güclülər tərəfindən məhv olunmamaları üçün
zəiflərə kömək edirdi. Adını da sehrli qartal qoymuşdular. Bu qartal
kasıbların, yoxsulların, kimsəsizlərin dayağı idi və buna görə də, kasıblar və
zəhmətkeş kəndlilər onu sevirdilər. Amma, bu qartalın məqsədinin gerçəkləşməsi
üçün uzun illər lazım idi.
Maks elə şirin yatmışdi
ki, heç kəs onu oyatmaq niyyətində deyildi. Bu zaman isə Rocer əmi Karliki yerə
yıxmış, ayaqlarını bağlamış, sağ dizini onun qarnına dayayaraq bıçağını
itiləməyə başlamışdı. Karlik həyatının son anlarını yaşadığını çox gözəl
bilirdi, lakin, qəlbindəki ümid işığı hələ də tamamilə sönməmişdi. Ümid edirdi
ki, Calli və Maks onu xilas edə biləcəklər. Maks şirin yuxuda, Calli isə
tövlədə idi. Calli tövlədən hər şeyi görürdü.
Bu zaman sanki,
ana təbiət də Karliki unutmuşdu. Günəş bu səhnəni seyr etmək istəmədiyindən
buludların arasında gizlənərək gözlərini yummuşdu. Sanki, həyat dayanmışdı. Kükək
də, nəfəs də, hənirti də kəsilmişdi. Təbiət nafəsini içinə çəkib sükuta dalaraq
gözləyirdi. Maks isə hələ də şirin yuxuda idi. Birdən sükut pozuldu, təbiət
hərəkətə gələrək Rocer əmiyə etirazını bildirdi. Yay ayı olmasına baxmayaraq
gurultulu şimşək çaxdı, göylər nərildədi, buludlar da Calliyyə qoşularaq göz
yaşları tökdü, güclü külək əsdi, otlar, yarpaqlar hərəkətə gəldi, çaylar coşdu.
Amma, artıq gec idi, iş-işdən keçmiş, Karlik həyatla vidalaşmış, Calli isə gözü
yaşlı qalmışdı. Calli böyük əzabla Karlikin
yağan yağışın yuyub apardığı qanına baxırdı. Maks isə hələ də yatırdı.
Nəhayət, Maks
oyandı, şüşəbənddən aşağı endi, ət xörəyinin qoxusunu hiss etdi. Düşündü ki,
hansısa zavallı heyvanın həyatına son qoyublar. Bir qədər irəlilədi, sağ tərəfə
baxdı, Karlikin kəsilmiş başını, ayaqlarını gördü və məsələni anladıqdan sonra
o da Calli kimi, buludlar kimi əzabverici göz yaşları tökdü, sarsıldı, bədəni
titrədi, qəzəbləndi, dizləri büküldü, ayaqları taqətini itirdi, həyatın amansız
olduğunu, günahsızların və gücsüzlərin günahkarlar və güclülər tərəfindən məhv
edildiyini düşündü. Lakin o, Calli kimi ağlaya bilməzdi, çünki, Calli Karliki
sarsılmaz, sönməz, əbədi və saf məhəbbətlə sevirdi. Maks isə bu iki canlının
dostu idi. Bəlkə də heyvanlar insanlarla müqayisədə daha sadiqdirlər. Maks
həmişə həssas insan olub və hazırda da belə idi. Həssas qəlbinin ülviyyət və gözəlliyi
ona həyatı daha dərindən dərk etməyə şərait yaradırdı.
Karlikin
ölümündən, daha doğrusu öldürülməsindən sonra Calli həyatda heç bir məna görmürdü.
Karlik həyatın bütün zövq və nəşəsini sanki, özüylə birlikdə göylərə aparmışdı.
Bir gün Calli kənddən bir qədər aralıda yerləşən qayanın zirvəsindən özünü yerə
ataraq intihar etdi, bununla da Karlikin yanına yollandı, cisimləri qovuşmasa
da ruhları qovuşdu.
Bu hadisə əqrəbin
zəhərli neştəri kimi Maksın qəlbini yaraladı. Rocer əminin ədalətsiz, amansız
qanunlarına qarşı çıxmaq isə Maksın hüdudlarından kənar idi. Rocer əmi
xarakterinə görə, yay aylarında susuzluqdan insanların ciyərlərini yandıran,
boğazların qurudan nəfəslərini kəsən qızmar Günəşə, Maks isə gecənin zülmət
qaranlığında insanların yolunu işıqlandıran Aya bənzəyirdi. Rocer əmi bir dəfə
Maksa yaxınlaşaraq dedi:
- Mən əslində,
bu zavallı keçiləri xilas etdim. Ölümdən daha ağır cəza var, o da yaşamaqdır.
əgər, bilsəydim ki, Calli intiar edəcək, onu da vaxtında kəsərdim. Bu hadisədən
iyirmi iki il keçsə də Maks hələ də xatirələri unuda bilmir. Bəlkə də unuda
bilməməsinin səbəbi bu xatirələrin onun uşaqlıq illərinə mənsub olmasındadır.
Hal-hazırda Maks bu xatirələri düşünərkən öz-özünə sual verdi:
- Hansı daha
vəhşidir, insan yoxsa heyvan?
10.08.2010
Müəllif: Nicat Həşimzadə
Mətni yazdı: Rauf Rəhmanov
Email:raufrehmanov@yahoo.com
|