Cümə, 2024-04-26, 2:42 PM
Welcome Guest

Html KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml Kodlar

Get cash from your website. Sign up as affiliate

Məqalələr

Main » Articles » Hekayələr

Xeyirxah kasıb

Rəhmanla mən bayram günlərini də birlikdə keçirdik, birlikdə papaq atdıq, payları topladıq və tonqal ətrafında əyləşdik. Hər şey çox gözəl oldu. Sonra Rəhmanla anası məni evlərinə dəvət etdilər və mən də etiraz etməyin yersiz olduğunu başa düşərək, dəvəti qəbul etdim. 

Bu hadisədən sonra mən tez-tez Rəhmangilə gedir, Rəhman da tez-tez bizə gəlirdi. İki aydan sonra biz yay tətilinə çıxmalı idik. Daha, əvvəlki illərdəki kimi, günləri saymırdım. Çünki əvvəl tənha idim, indi isə Rəhmanla dostluq edirdim və bu dostluq əlaqələri məni qane edirdi. Ancaq, kasıb olmağımız həm məni, həm də Rəhmanı çox üzürdü. Biz bəzən ac qalır, dabanları yonulmuş ayaqqabı, rəngi qaçmış şalvar geyinirdik. Sinif yoldaşlarımız şokolad, peçenya, cemli bulkalar alıb yeyəndə, biz bir ədəd çörək alar, yarıya bölər, xəlvət bir yerdə yeyərdik.

Oxucuların nəzərinə yalnız, ən çox yadda qalan hadisələri çatdırmaq istədiyimdən bəzi uzun-uzadı məsələri qələmə alaraq, hövsələsiz oxucuları əsəbiləşdirmək niyyətində deyiləm. Ancaq, əhəmiyyətli hesab etdiyim bütün hadisələri oxucuların nəzərinə çatdırmaq fikrindəyəm.

Qarlı bir qış günü idi. Şaxta yeri dondurmuşdu. Ətraf  pambıq kimi ağappaq rəngə bürünmüşdü. Lopa-lopa yağan qar insanlara gözlərini açıq vəziyyətdə saxlamağa mane olurdu.

Məktəbə getmək, dərsdə oturmaq mənə əvvəlkinə nisbətən daha maraqlı görünürdü.Adi günlərdən biri idi və mən dərsdə oturmuşdum. Rəhmanı nə qədər gözləsəm də o, həmin gün dərsə gəlmədi. Sonra isə mən Rəhmanın yıxılaraq sağ qolunu sındırdığını öyrəndim. Bu xəbər məni çox məyus etdi. O, iki həftə məktəbə gələ bilmədi, mən isə bu iki həftədə hər gün ona baş çəkdim və məhz , belə günlərdən birində o, mənə öz arzuları, istəkləri haqqında danışırdı.

 - Bilirsən dost, mən gələcəkdə həkim olaraq insanlara şəfa vermək istəyirəm. Düşünürəm ki, peşələr içərisində ən xeyirlisi həkimlikdir. Inanıram ki, bəşəriyyətin bütün insanlarını sağlam görmək istəyinin nəticəsində peşəkar həkim olacağam. Bunun üçün əlbətdə ki, ilk növbədə yaxşı təhsil almaq lazımdır.

Dostumun fikrini sevinc və hörmət hissləri ilə qarşıladım, ona məqsədinə çatmaq üçün səbir və güclü iradə arzuladım. Rəhman gələcəkdə həkim olacağını qarşısına məqsəd qoymuşdu. Mən isə heç bir qərara gələ bilmirdim və qərarsız insan olmağım məni çox əsəbiləşdirirdi. Gələcəkdə hansı peşənin sahibi olmaq istədiyimi qətiləşdirə bilmirdim.

Rəhmanın səhhəti yaxşılaşandan sonra biz məktəbə yenidən birlikdə getməyə başladıq. Qeyri-adi heç bir şey baş vermədiyindən qəti əminliklə deyə bilərəm ki, hadisələr öz axarıyla davam edirdi. Lakin, yeddinci sinifdə oxuyarkən çox kədərləndirici bir hadisə oldu. Sinif yoldaşlarımızdan biri qəflətən Rəhmana yaxınlaşdı və:

-Sən atasızsan, atasız uşaqsan, bizim hamımızın atamız var, ancaq sənin atan yoxdur. Sən bədbəxtsən, yazıqsan, bəxti gətirməyən, taleyi məhv olmuş bir səfehsən, - deyərək dostumun qəlbini qırdı.

Bu sözlər Rəhmana çox ağır təsir etdi, lakin heç bir cavab verməyərək xəlvət bir yerə çəkildi və səssizcə ağlamağa başladı. Atasını xatırlamırdı, anası isə onu əzab-əziyyətlə böyütmüşdü. Mən Rəhmana bu sözləri deyən sinif yoldaşıma dedim:

- Bir də dostuma qarşı bu cür hərəkətlər etməyə cəhd göstərmə, əks halda sənin ağız-burnunu partladaram.

Sinif yoldaşım bunları eşidəndən sonra başını aşağı sallayaraq, göz süzə-süzə, ağız-burun büzə-büzə getdi. Bu hadisə məni çox qəzəbləndirmişdi və dərk eləmişdim ki, əqli cəhətdən kasıb olmaq maddi baxımdan kasıb olmaqdan daha böyük faciədir. Insanların qəlbini qırmağı ən böyük günahlardan biri hesab edirəm. Misal üçün deyə bilərəm ki, kor insan gözlərinin kor olduğunu onsuz da bilir. Ancaq, onun qarşısına çıxıb kor olduğunu desəniz qəlbi qırılar, kədərlənər, özünü dünyanın ən bədbəxt insanı hesab edər, insanlığa olan inamını itirər, gözlərinin kor olduğuna bəlkə də bu zamana qədər inanmasa da, kor olduğu barədə deyilən sözləri eşitdiyi anda,  bəli, bəli, məhz, həmin anda reallığın əslində nədən ibarət olduğunu biləcək və bu reallığa inanmaq məcburiyyətində qalacaq.

Bəzi insanlar hisslərlə, duyğularla əylənməkdən böyük həzz alırlar. Belə insanlar dərk etmirlər ki, nəşə badələrini dadandan sonra müxtəlif cür əzab və məşəqqətlər hesabına günahlarını yumağa məcbur olacaqlar və qocalıb xəstələnəndə hiss edəndə ki, bu dünyada artıqdırlar, o zaman yenə də yaşayacaqlar, çünki Allah bu cür insanları haqq dünyasına layiq hesab etmir və etməyəcək. Bu cür insanlar həyatdan doymayanda, yaşamaq istəyəndə, həyat eşqi ilə alışıb yananda isə Allah onları ölüm cəzasına məhkum edəcək.

Həyatda yalnız qarın doydurmaq və gözəl geyinmək üçün çalışan insanlar necə də bədbəxtdirlər. Həyat məhz, ona görə ədalətsiz və amansızdır ki, demək olar ki, bir çox şey madiyyata bağlıdır. Bəzi insanlar isə qarnını doydurmaq, gözəl geyinməklə kifayətlənmir, boş qalmış kisələrini qızılla, pulla, daş-qaşla doldurmağa çalışırlar. Əslində bu insanlarla razılaşmağa məcburam, ona görə ki, bu insanlar bəlkə də yalnız özlərinin mövcud həyatlarını deyil, övladlarının, nəvələrinin hətta bəlkə nəticələrinin də gələcək həyatlarını düşünürlər. Illərlə çalışırlar və kisəni doldurmağa nail ola bilirlər. Lakin, bununla da doymurlar. Kisədə yenə də boş yer axtarıb tapmağa çalışırlar ki, bir qədər də var-dövlət yığa bilsinlər. Yığırlar, yığırlar və sonra yazıq kisə ağırlığa tab gətirə bilməyərək cırılır, pullar isə dağılır, tökülür, yayılır, itib batır. Xeyir, bağışlayın səhv etdim, itib-batmır.Bu pullar kimlərdən talanmışdırsa,kimlərdən oğurlanmışdırsa, yenidən çox güman ki, kasıblara, yoxsullara, kimsəsizlərə, yetimlərə ac qalmış atasız-anasız uşaqlara çatır.

Yəqin, bir çoxlarınız mənimlə razılaşarsınız ki, dünyanın ən təhlükəsiz yeri ana qucağıdır. Bir körpə, bir uşaq atasız böyüyə bilər, amma anasız əsla. Əziz dostum Rəhman da dərk etməliydi ki, atasız olmaq sadəcə uğursuzluq, bədbəxtlik, anasız olmaq isə əsl faciədir və məhz elə buna görə də Rəhman Allaha minnətdar olmalıydı. Eyni zamanda Rəhmanın anası da Allaha təşəkkül etməliydi ki, mənəviyyatı, daxili aləmi gözəlliklərlə zəngin olan övlad yetişdirmişdi. Rəhmanın qəlbinə dəyən sinif yoldaşım isə bəlkə də, günahkar deyildi. Bəlkə də düşdüyü mühit onu bədbəxt eləmiş, mənəviyyatını itirməsinə səbəb olmuşdu. Bəlkə də vaildeyinləri ona düzgün tərbiyə verə bilməmişdilər. Bəlkə də həmin sinif yoldaşım məktəbdə bir cür, evdə isə başqa cür insanıydı. Bəlkə də, bəlkə də... Eh, bu bəlkələr insanı necə də yorur. Eh, bu bəlkələr necə də qeyri-

müəyyənlik bildirən anlayışlardır. Allah tərəfindən yaradılan hər nə varsa, hamısı gözəldir. Heç nəyə yaramayan insanlar isə heç nəyə yaramayan əlləriylə bir çox şeyləri korlayır, pozur, hətta məhv eləyirlər.

Nəysə, deyəsən əsas məsələdən uzaqlaşaraq sizi çox yordum. Düzünü deyim ki, ən yadda qalan hadisələr biz onuncu sinifdə oxuyarkən baş vermişdi.

Onuncu sinifdə oxuyarkən əziz Rəhman aşiq olmuşdu, özü də sinifimizdə oxuyan Rəna adlı mavi gözlü, şabalıdı rəngli, uzun saçlı, nazik-ensiz qaşlı, incə dodaqlı, al yanaqlı, üz quruluşuna heç bir qüsur gətirməyəcək uzun və enli olmayan, normal ölçüdə çənəyə malik olan bir qıza. Neçə illər idi ki, biz üçümüzdə eyni sinifdə oxuyurduq. Amma Rəhman Rənaya məhz həmin il, yəni, biz onuncu sinifdə oxuyarkən aşiq olmuşdu. Dostumun diqqətinin eşq məhəbbət məsələsinə yönələcəyindən və nəticədə dərslərinə məsuliyyətsiz yanaşmasından qorxmağa başlamışdım.

Rəhman isə mənim əbəs yerə qorxduğumu sübut edirdi. Bəlkə də özünü Rənaya yaxşı tərəfdən göstərmək üçün əvvəlkinə nisbətən daha çox oxuyur, gecə-gündüz daha böyük həvəslə çalışırdı. Həkim olmaq istəyi Rənaya öz sevgisini isbat etmək, ondan istədiyi cavabı almaq, gələcəkdə onunla ailə qurmaq istəyindən daha böyük idi. Dostum çox yaxşı bilirdi ki, zəhmətin üstün gələ bilmədiyi heç bir şey yoxdur. Rəhman həm də dahi fransız yazıçısı Balzakın və tanınmış yunan filosofu Sokratın prinsiplərini öz həyatında tətbiq edirdi. Yəni,”Elmin ağası olmaq üçün çalışmağın qulu olmaq lazımdır” və ”Mən bir şeyi bilirəm ki, mən heç nə bilmirəm”. Müəllimlər Rəhmanı elmin ağası olmağa layiqli namizəd hesab edirdilər.

Dostumun keçirdiyi sevgi adlı bu hissləri hiss etmək, yaşamaq, anlamaq mənə qismət olmamışdı və mənim üçün olduqca maraqlı olduğundan dostumdan sevginin nə olduğunu, necə başlandığını hansı şəraitdə, hansı qayda və qanunlar altında yaşandığını öyrənmək istədim. Aldığım cavab çox maraqlı və müəmmalı oldu, mən bu sözlərin, bu kəlmələrin, bu cümlələrin Rəhman tərəfindən deyildiyinə inana bilmədim. Sanki, danışan başqa insan idi. Çox-çox sonralar isə başa düşdüm ki, onu danışdıran güc-qüvvə eşq-sevginin od-alovu olub. Sanki, o anda dostumun daxili aləmi, ruhu cuşa gəlmişdi, nitqində heç bir qüsuru olmayan natiqlər kimi danışırdı. Rəhman sevgi haqqındakı sualıma belə cavab vermişdi:

 -Sevmək özünü başqa birisində axtarıb tapmaq, ürəklə yaşamaq, həyatı dərk etmək, qəlbinin həqiqətən də döyündüyünü hiss etmək, bir bədəndə iki canın ola bilməsinə inanmaq, varlığınla yoxluğun arasında müqayisəsinin nədə olduğunu bilmək, həyatın hələ bitmədiyini, davam etdiyini, həyatda uğursuzluqla, bədbəxtliklə bərabər, xoşbəxtlik və səadətin olmasını da anlamaq deməkdir.  Sevmək- həyatın eşq-sevgi üzərində qurulduğuna əmin olmaq və sevgi üzərində qurulan bu həyatın bir hissəsi olma sevincini yaşamaq deməkdir. Sevgi-məğlubedilməz, qarşısı alınmaz, heç bir amansız qayda  və qanuna boyun əyməyən səadətdir. Sevildiyinə əmin olan kəs ən cəsur, ən döyüşkən əsgərdir. Dahi Nizami Gəncəvi necə deyib:

Eşqdir mehrabı uca göylərin,   

Eşqsiz ey dünya nədir dəyərin?!

Eşqsiz olsaydı xilqətin canı,                                           

Dirilik sarmazdı bütün cahanı.

Bəli dostum, eşq dünyanın dəyəri, həyatın qiymətidir. Bu misraları Nizami yazıb, mən özüm isə sevgiyə başqa cür misralar qoşmuşam:

Soruşdular dünya kimin?

Dedim, dünya sevənləri,

Sevgi qədri bilənlərin,

Sevgi üçün ölənlərin.

 

- Hə necədir? Amma düzünü de ha....... Şeirə az da olsa oxşayır?

- Rəhman, mən heç bilməzdim ki, sənin şairlik məharətin də var. Amma, doğrusu əla yazmısan, əhsən. Bəs axı, sən həkim olmaq istəyirdin, yoxsa fikrini dəyişmisən?

- Yox, dostum qərarım qətidir, həkim olacam. Məncə şair də həkim kimi insanları müalicə edir,                                                               amma iynə-dərmanlarla, müxtəlif cür tibbi vasitələrlə yox, sadəcə sözlərlə, misralarla.

Yaşımızın az olduğuna, geniş dünya görüşünə sahib olmadığımıza, həyati təcrübəmizin azlığına görə, əslində, sevgini sarsıda biləcək bir qüvvənin və bu qüvvənin məhz, xəyanət olduğunu anlamaqda aciz idik. Əslində insan gənclik dövründə etdiyi səhvlərin ağrılı, acılı nəticələri əsasında həyat təcrübəsi qazanır. Doğru deyiblər ki, ağıllı insan öz səhvlərindən, müdrik insan isə başqalarının səhvlərindən nəticə çıxarır. Ancaq    razılaşmaq lazımdır ki, müdriklikdən əvvəlki pillə ağıllı olmaqdır. Yəni, demək istəyirəm ki, əslində müdrik insanların da səhvləri olur. Bəzən həyatda elə hallar olur ki, cahil insanın böyük günah hesab edərkən çəkindiyi, etmək istəmədiyi işi kamil insan çəkinmədən, ehtiyat etmədən edir. Bəs görəsən, buna nə ilə haqq qazandırmaq olar? Bəzən düşünürəm ki, insanın daxilində öz mənliyindən əlavə hansısa başqa bir mənlikvar, əslində, həmin başqa mənliyin təzyiqi və təsiri nəticəsində öz mənliyi insanı tərk edir və həmin başqa mənlik üstünlüyü ələ keçirərək şeytani qüvvələrin hökmü ilə ağıldan və əxlaqdankənar hərəkətlər edir. Daha sonra isə insan öz mənliyinə qovuşur və bu mənlik o biri mənliyin etdiyi hərəkətlərə görə, cavab vermək məcburiyyətində qalır. Ancaq, elə düşünməyin ki, bu vəziyyətdən çıxış yolu yoxdur. Çıxış yolu həmişə var. Çıxılmaz vəziyyət yoxdur, vəziyyətdən çıxa bilməyən insanlar var və  bu insanlar öz zəifliklərini qəbul edərəkən düşdükləri vəziyyətin çıxılmaz olduğunu  qeyd edirlər. Əgər, insan başqa bir mənliyin şeytani qüvvələrin hökmü ilə öz ruhuna daxil olaraq əxlaqdan və ağıldankənar hərəkətlər etməsini istəmirsə, səbir, iradə və dözüm hesabına həmin başqa mənliyə öz həqiqi mənliyini məğlub etməyə imkan verməməlidir.

Həyatın əsl mübarizə meydanı olduğunu deyənlərin yanılmadığını düşünürəm. Həyat mübarizəni sevənlərin, mübarizə aparma qabiliyyətinə sahib olanların mübarizə meydanıdır. Mübarizə aparmaq istəməyənlər üçünsə həyat bataqlıqdır və bu bataqlıqda batmaqda olanlar bataqlıqdan çıxmaq, yaşamaq ümidində olsalar da məhz, mübarizə aparmağı bacarmadıqları üçün yaşamaq həsrətilə yansalar da batacaqlar və mən heç də düşünmürəm ki, bu, ədalətsiz cəzadır.

Rəhmanın anası da, Rəhman özü də yaşamaq uğrunda, istəklərini gerçəkləşdirmək, bataqlıqda batmamaq hətta, bataqlıqda olan digərlərini də bataqlıqdan çıxarmaq üçün mübarizə aparmışdılar və buna görə, heç də peşiman deyildilər, əksinə sevincli görünürdülər. Səfalət içində yaşasalar da şərəfli, ləyaqətli ömür sürdüklərinə görə, xoşbəxt idilər. Maddi baxımdan sinif yoldaşlarımızdan geri qaldığımıza görə, onlarla ayaqlaşa bilmir və bunun da nəticəsində ümumi birlikdən kənara qalırdıq. Sinif yoldaşlarımızın ad günlərini qeyd etməsi dəyişməz ənənəyə çevrilmişdi. Lakin, Rəhmanla mən bu məclislərdə iştirak edə bilmirdik. Bəzi sinif yoldaşlarımız bizi ümumiyyətlə heç dəvət etməzdilər, bəziləri isə dəvət etsələr də gedə bilmirdik. Çünki, hədiyyə almağa pulumuz olmazdı.

Bir dəfə Rəhmanın ayaqlarının qızardığını, bir qədər də şişdiyini gördüm və buna görə daxilimdə dərin bir sıxıntı hiss etdim. Dostumu üzmək istəmədiyimə görə, bunun səbəbini soruşmadım. Çünki, səbəbini bilirdim. Bilirdim ki, Rəhman üç il idi ki,eyni ayaqqabını geyinirdi və pulsuzluq ucbatından yenisini ala bilmirdi. Bu ayaqqabılar onun ayağına balaca idi və həm ayağının yan tərəflərini, həm də barmaqlarını yara etmişdi. Başqa bir dəfə isə daha təsirləndirici hadisənin şahidi oldum. Rəhmanın ayaqqabısının sağ tayı yan tərəfdən bir qədər yırtılmışdı və qışın qarlı günlərində su keçirirdi, bunun da nəticəsində sağ ayağı buz kimi soyuq olurdu. Sonrasa gördüm ki, Rəhman ayaqqabısının yırtılan yerinə kardon tıxayıb. O, ayaqqabısının yırtıldığını anasına deməmişdi və bacardıqca anasının ayaqqabıları görməməsinə çalışırdı. Anası isə bir dəfə təsadüfən Rəhmanın ayaqqabısının yırtılmış yerinə kardon tıxadığını görəndə kədərlənmiş, göz yaşlarını saxlaya bilməməşdi.

Qadın üçün atalıq etmək nə qədər çətindirsə, kişi üçün analıq etmək daha çətindir. Əgər, Rəhman atasını yox, anasını itirsəydi, düşünürəm ki bu, daha acınacaqlı vəziyyət olardı. Hər halda həyat artıq, çoxdan sübut edib ki, ailəni qoruyub saxlamaq, övlad böyütmək, boya-başa çatdırmaq, tərbiyə etmək baxımından qadınlar kişilərlə müqayisədə daha iradəli, daha səbirlidirlər.

On birinci sinifdə oxuyarkən Rəhman Rənaya onu sevdiyini söylədi: Rəna isə bu sevgiyə dostumun qəlbini qırmaqla cavab verdi:

- Sən nə gündəsən, ay yazıq? Heç güzgüyə baxırsan, əyin-başına fikir verirsən? Get öz tayını tap. Sən kimsən ki, məni sevirsən? Özü də atasız övladsan, sənin gələcəyin necə olacaq, ay bədbəxt? Bir də məni belə boş-boş söhbətlərə görə, narahat eləmə, öz işinlə məşğul ol. Sən axmaqsan, bədbəxtsən, yoxsulsan, səfehsən, dəlisən. Məndən uzaq dur, yaxın gəlməyə heç cəhd də göstərmə. Anlaya bilmirdim ki, nəyə görə, sinif yoldaşlarım atasız olduğunu tez-tez  Rəhmanın yadına salmaqla onun qəlbini qırırdılar. Rənanın dedikləri Rəhmana çox pis təsir etdi, hətta kövrəldi də. Ancaq əgər, Rəna gələcəkdə övladının həyatının Rəhmandan asılı olduğunu bilsəydi, əminəm ki, onunla bu cür rəftar etməzdi.

Bəli, bəli, yanlış eşitmədiniz. Məşhur Azərbaycan mahnısında deyildiyi kimi aylar keçdi, illər dolandı. Rəhman ali məktəbi qızıl medalla bitirdikdən sonra dövlət xəstəxanasında çalışmağa başlamışdı. Ardıcıl bir neçə uğur qazandıqdan sonra onu baş həkim vəzifəsinə təyin etmişdilər. Dostumun əldə etdiyi uğurları görəndə çox sevinirdim.

Bir gün məlum oldu ki, Rənanın övladı böyrək çatışmazlığından əziyyət çəkir.yazıq uşağın hələ heç altı yaşı tamam olmamışdı. Rəhmanın çalışdığı xəstəxananın həkimlərindən biri əməliyyata ehtiyac olduğunu söyləmişdi. Nəhayət, bir gün Rənanın övladı əməliyyat olunmaq üçün xəstəxanaya gətirildi. Əməliyyata rəhbərliyi isə Rəhman edəcəkdi, lakin Rənanın bundan xəbəri yox idi. Iki saata yaxın davam edən əməliyyat uğurla nəticələndi və bu Rənanın bəlkə də həyatda indiyə qədər bu günki kimi heç zaman yaşamadığı sevincə səbəb oldu. Bu günün sevinci Rəna üçün daha qiymətli oldu, çünki, bu gün onun övladı xilas olmuşdu, çünki, bu gün o, həyatının ən gözəl xəbərini eşitmişdi, çünki, bu gün onun övladının xəstəliyinə son qoyulmuşdu.

Əməliyyat otağından çıxandan sonra Rəhman Rənayla qarşılaşdı və məktəb illərində yaşadığı duyğular yadına düşdü. Sadəcə yadına düşdü, bu duyğular yenidən alovlanmadı. Bunun səbəbini isə o, özü də bilmirdi

Bəlkə də sevgini şama bənzədənlər yanılmayıblar, bəlkə də birinci mərhələdə bu şam yanmağa başlayır, ikinci mərhələdə odun, alovun təsiri nəticəsində yavaş-yavaş əriyir, üçüncü mərhələdə isə tamamilə əriyib məhv olur.

Rəna övladına xoşbəxtlik gətirən və bununla ona da böyük sevinc bəxş edən insanın Rəhman olduğunu biləndə onun qarşısında diz çökdü və təxminən on iki il əvvəl dediyi sözlərə görə üzr istədi. 

http://foryoung.do.am/

Müəllif:Nicat Həşimzadə



I hissə

Category: Hekayələr | Added by: НАНУ (2010-12-21)
Views: 1048 | Comments: 10 | Rating: 0.0/0
Total comments: 7
0  
1 KimkasJK   (2012-02-04 5:48 PM) [Yaz;]
Thanks for the helpful post.
KimkasJK

0  
2 mefordetprobe   (2012-09-17 7:04 AM) [Yaz;]
id48-63all

0  
3 Sefefrors   (2012-10-06 2:12 AM) [Yaz;]
alllist1

0  
4 Smurdynum   (2012-10-29 3:51 AM) [Yaz;]
alllistoctober1

0  
5 nithacuth   (2012-10-29 7:24 PM) [Yaz;]
alllistoctober2ansi

0  
6 nithacuth   (2012-12-05 9:32 PM) [Yaz;]
Я думаю, что вы не правы . Я уверен . Давайте обсудим .

0  
7 Sefefrors   (2013-01-24 9:20 AM) [Yaz;]
Жаль , что сейчас я не могу выразить - нет свободного времени. Я выйдет - я обязательно высказать свое мнение по этому вопросу.

Only registered users can add comments.
[ Registration | Login ]
Click for live chat
Reyting
Sevdiyiniz janrı seçin

Всего ответов: 27
Tag Board
500
Statistika

Ümumi miqdar onlayn: 1
Qonaq: 1
İstifadəçilər: 0
Axtar

ip address
Copyright MyCorp © 2024 |