Cümə, 2024-03-29, 10:21 AM
Welcome Guest

Html KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml KodlarHtml Kodlar

Get cash from your website. Sign up as affiliate

Məqalələr

Main » Articles » Hekayələr

Xeyirxah kasıb

Yazın ən gözəl çağları, aprel ayının ortaları idi. Təbiət olduqca şən görünürdü. Hər tərəf yaşıllaşmışdı. Uca, enli gövdəli ağacların günəş şüalarıaltında parlayan yarpaqlarına baxmaq insana zövq verirdi. Baxçalardakı güllər, çiçəklər, otlar insanı valeh edirdi. Havadan əsil bahar təravəti duyulurdu. Səmada qanad çalan quşlar olduqca xoşbəxt görünürdülər. Belə havada biri-birini sevən iki şəxs gəzintiyə çıxsaydı, təbiət onların məhəbbətinə böyük məmnuniyyətlə xeyir-dua verərdi. Maraqlı məqam ondan ibarət idi ki, səmada qanad çalan quşlar da tək deyillər.Onlar da sevirdilər, onlar da sevilirdilər. Ancaq, sevgi əzabına düçar olmuş bəzi insanlar həyatdan küsür, tək-tənha yaşamağı qərara alır. Sanki, bu insanlar heç kəsin onların çəkdiyi sevgi əzabina mane olmamalarını istəyirlər. İnsan tək olanda həqiqətən də bədbəxt görünür, təbiət isə olduqca xoşbəxt idi, çünki o, tək deyildi.Otlar, çiçəklər, güllər, ağaclar, yarpaqlar biri-birilərinə dəstək olurdular. Qışın qarlı-şaxtalı günlərində onlar ayrılmır, sanki soyuqdan qorunaraq bir-birilərinə dayaq olurdular. Təbiət insanlara olduqca böyük xeyir verir, insanlar isə bəzən ona qarşı olduqca amansız olurlar. Yediyimiz meyvələr,istifadə etdiyimiz mebellər, ifa etdiyimiz musiqi alətləri, gündəlik həyatdaistifadəsi zəruri olan ərzaq məhsulları təbiətin bizə bəxşişi deyilmi? Qışın qarlı, şaxtalı günlərində isinmək üçün peçlərdə yandırılan odun təbiətin bizə hədiyyəsi deyilmi? Həqiqətən də insan bir şeyi itirəndən sonra qədrini bilir. O, zaman isə artıq gec olur. İnsanlar bəzən təbiətə olduqca böyük zərərlər verirlər. Buna görə də bəzən təbiət də bu amansız rəftara qarşı biganə qala bilmir, tufanlar, vulkanlar, qasırğalar, leysanlar, bir sözlə qarşısı alınmaz təbii fəlakətlər törədir.

Orta məktəbdə 4-cü sinifdə oxuyurdum. Dərsdə oturmağa heç vaxt səbrim çatmırdı. Pəncərənin yanında oturmuşdum və müəllimə qulaq asmaq əvəzinə həyətə baxırdim.Hava çox gözəl idi.Futbol oynamaq üçün lazım olan hava idi. Dərs zamanı pəncərədən həyətə baxarkən daha da ədəbləşərdim. Dərsdə oturmaq istəməzdim. Çünki, bunu faydasiz hesab edirdim. Mən futbol oynamaq, dostlarımla görüşmək istəyirdim. Gələcəkdə məşhur bir futbolçu olacağıma ümid edirdim. Pəncərədən həyətə baxan zaman bəzən uzun müddətə xəyala dalardım. Gələcəyimi düşünərdim. Düşünürdüm ki, gələcəkdə peşəkar futbolçu olacam. Televizorda bizim komandanın oyununu verəcəkler. Komandam 1-0 məğlub durumda ikən mən 88-90-cı dəqiqələrdə rəqib qapısına iki qol vuracam, bununla da komandam həm məğlubiyyətdən yaxa qurtaracaq, həm də qalib gələcək. Mən isə komandanın xilaskarı hesab olunacağam. Bunları düşünən zamanda sinifimizin qapısı açıldı, içəri iki nəfər daxil oldu; direktor müavini və mənimlə həmyaşıd olan bir uşaq. Həmyaşıdlarımı həmişə uşaq adlandırırdım. Mənə isə uşaq deyə, müraciət edəndə əsəbiləşərdim,özümü ağıllı hesab edirdim. Direktor müavinin danışığından belə bəlli oldu ki, bu uşaq məktəbimizə yeni gəlib və bizim sinifimizdə oxuyacaq. Direktor müavini orta yaşlı, hündür boylu, sərt baxışlı, qalın qaşlı, donqar burunlu bir müəllim idi.

Yanındakı uşağı görəndə bir qədər kədərləndim. Şalvarinda iki ədəd yamağ var idi, pencəyinə baxanda məlum olurdu ki, köhnədir, ayaqqabılarının dabanı bir qədər yonulmuşdu. Çantasında xeyli tikiş yeri vardı. Bütün bunlar sübut edirdi ki, bu uşaq çox kasıb ailədəndir. Mənim ailəm də bir o qədər varlı deyildi. Bir təhər dolana bilirdik. Mənim də geyimim bir qədər köhnəlmişdi. Atam bənna işləyirdi, anam isə evdar qadın idi. Mən ailənin yeganə övladı olmuşam. Sinifimizə yeni gələn uşağın adı Rəhman idi. Üzünə baxanda bilinirdi ki, qürurlu, ləyaqətli uşaqdır. Yaşından bir qədər böyük görünürdü. Müəlliməmiz onu uşaqlarla tanış etdi. Sinif yoldaşlarım Rəhmanı elə də yaxşı qarşılamadılar. Yanımdakı yer boş idi, onu öz yanıma dəvət etdim və mənim yanımda oturdu. Bizim vəziyyətlərimiz bir qədər oxşar idi. O da mənim kimi geyim sarıdan digər uşaqlardan geri qalırdı. Biz həm sinif yoldaşı, həm də parta yoldaşı olduq.

Sinif yoldaşlarımız Rəhmanla məndənhəmişə uzaq gəzirdilər. Bunun da səbəbi məlum idi. Onlar bizi özlərinə yaraşdırmırdılar. Bizim geyimlərimiz köhnə idi. Pulumuz yox idi, dəftərlərimiz, çantamız onlarınkına nisbətən ucuz idi.

Rəhman gələnə qədər mən həmişə özümü tək-tənha hiss edirdim. Sinif uşaqları mənimlə yad insan kimi rəftar edirdilər. Sinifdə özümü qərib hiss edirdim. Tərki dünyalığı seçmişdim. Rəhmanda da bu cür xüsusiyyətlər var idi. Bizi birləşdirən dəyər də məhz, bundan ibarət idi. Gəldiyi müddətdən bir qədər sonra Rəhman sinifimizin əlaçılar sırasına daxil oldu. Onlarla rəqabət aparırdı və mən inanırdım ki,bu gedişlə o, sinifimizin ən çalışqan,ən bacarıqlı şagirdi olacaq. Rəhmandan fərqli olaraq mən dərslərimi yaxşı oxumurdum. Gecə-gündüz xəyallarla yaşayırdım. Ancaq,atam həmişə mənə deyirdi:

- Oğul,xəyallarla yaşama,bu,səni uçuruma aparacaq.Xəyalpərəst insan olma.Qarşına bir məqsəd qoy və məqsədinə nail olmaq üçün əzmlə mübarizə apar. Futbolçu olmaq istəyin sənin sadəcə olaraq uşaqlara xas olan

bir istəkdir. Dərslərini yaxşı oxu, yaxşı qiymətlər al, ananı da, məni də sevindir. Unutma ki, sən ailənin yeganə övladısan.

Mən atama sadəcə olaraq qulaq asırdım, onunla heç vaxt razılaşmırdım. Atam isə məni heç vaxt nəyəsə məcbur etməzdi. O, mənə yaxşı məsləhətlər verirdi. Seçim etməkdə isə mən həmişə azad olmuşam.

Get-gedə, zaman ötdükcə Rəhmanla dostlaşırdım. O bacarıqlı və istedadlı uşaq idi. Yaşının az olmasına baxmayaraq, mən deyərdim ki, hətta dərin zəka sahibi idi. Rəhmanın atası avtomabil qəzasında həlak olmuşdur. Məhz, bu hadisədən sonra bu ailənin güzəranı pisləşmişdi,anası işləməyə məcbur olmuşdu. O,çörək bişirilən zavodda işləyirdi. Beş yaşlı Rəhmana isə nənəsi baxmışdı. Ananın aldığı əmək haqqı ailənin ehtiyaclarını ödəyəcək qədər deyildi. Bir sözlə, məlumdur ki, Rəhman kasıb mühitdə böyümüşdü. Bütün bunlara baxmayaraq, istər Rəhman, istərsə də anası düzgün, dürüst insanlar olduqlarına görə, böyük hörmət sahibi olmuşlar. Rəhman olduqca qürurlu, dürüst olduğuna görə, ona olan hörmətim sonsuzdur.

Artıq may ayı idi. Havanın hərarətindən bəlli etmək olardı ki, yay fəsli gəlməkdədir. Yay fəslini çox sevirdim, çünki, yay tətilini həmişə səbirsizliklə gözləyərdim. Üç ay məktəbdən uzaq olacaqdım və yoldaşlarımla futbol oynayacaqdım. Bəzən atamın sözləri yadıma düşürdü; "xəyal-pərəst olma”, "xəyallarla yaşama”. Bunları daha çox düşündüyüm zamanlarda bir dəfə atam məni yanına çağırdı və dedi:

- Sən yenə də boş-boş xəyallar qurursan, xəyallarla yaşayırsan. Axı sənə demişdim ki, xəyal-pərəstliyindən əl çək. Bir şeyi dəqiq bil ki, xəyal və məqsəd fərqli şeylərdir, məqsədinə nail ola bilərsən, xəyallar isə həmişə xəyal olaraq qalır, reallığa çevrilmir, çünki, adından göründüyü kimi sadəcə olaraq xəyaldır.

Atama həmişə qulaq asırdım, sadəcə olaraq qulaq asırdım. Eşidəndə isə artıq iş-işdən keçmiş olurdu. Atam hər zaman mənə atadan əvvəl çox yaxın dost olub. Bəlkə də səhv elə bunda olub. İnsandostunu eşitməyə də bilər, amma atasını mütləq eşitməlidir.

Artıq, yay tətilinə çıxmışdıq, eyni zamanda ibtidai sinifi bitirmişdik. Üç aydan sonra mən beşinci sinif şagirdi olacaqdım. Mən demək olar ki, bütün günümü Rəhmanlabirlikdə keçirirdim. O, həqiqətən də sadiq, səmimi, dost yolunda hər bir fədakarlığa hazır olan, sözündən dönməz, duyğulara, düşüncələrə dəyər verən, insanlara və insanlığa qiymət verməyi bacaran insandır. Mənim ondan başqa heç bir dostum olmadığı kimi, onun da məndən başqa dostu yox idi. O, yay təti-lini İsmayıllıda keçirmək istəyirdi. Mən isə bu barədə qətiyyən düşünməmişdim. Futbol mənim üçün həyat demək idi, futbol oynamasaydım yaşaya bilməzdim. Ona görə də, düşünürdüm ki, tətildə öz vaxtımı uşaqlarla futbol oynamağa sərf edəcəm. Bundan əlavə, Bakıda qalmağımın başqa səbəbi də var idi. Valideynlərim məni qohumlarımızın evinə göndərməzdilər, çünki, çox dəcəl idim. Bəzən bağlara girər, meyvələri oğurlayardım. Bilirdim ki, bu, düzgün iş deyil, amma, bu iş mənim çox xoşuma gəlirdi, çünki, bağlara xəlvəti girməkdən böyük zövq alırdım.

Yay tətilinin ortaları idi. Bir gün bir məsələ diqqətimi cəlb etdi. Düşünməyə başlamışdım ki, axı nəyə görə ağacların hamısı meyvə vermir, meyvələrin isə dadları cürbəcür olur. Bir gün bununsəbəbini atamdan soruşmaq qərarına gəldim. O, isə cavabında bildirdi:

Bilirsən? Ağaclar çoxdur, amma hamısı meyvə vermir , meyvələr də çoxdur, amma hamısı dadlı deyil. Hər insanın öz məqsədi, öz funksiyası, vəzifəsi olduğu kimi, hər ağacın da öz vəzifəsi var. Bəzi ağaclar meyvə verir, bəzi ağaclar tozun qarşısını alır, bəzi ağaclar isə kölgə salır. Mən deyərdim ki, yararsız ağac yoxdur, amma, yararsız insan var. Ağaclar yalnız qocalanda yararsız olur, insan isə hər yaşda yararsız ola bilir. Insanlara ağaclar lazımdır, ağaclar isə insanlardan asılı deyil. Insanlar ağaclarsız yaşaya bilməzlər, ağaclar isə onsuzda insanlarsız yaşaya bilirlər. Lakin, bəzi insanlar var ki, bütün bunları dərk edir və təbiətə qulluq göstərirlər.

Bu cavab məni qane etməyə bilməzdi. Sonralar da bu barədə xeyli düşündüm və nəhayət; belə qərara gəldim ki, daha bağlardan oğurluq etməyəcəm. Ancaq bir dəfəatama yenə də təbiətlə əlaqədar bir sual verdim.

Ata, bəs nəyə görə, hər bir insan ağaclardan meyvələri qoparır. Bir bağban uzun müddət ağaclara qulluq edir, ağaclar böyüyür, meyvələr verir. Meyvələri isə hər bir insan ağaclardan qopara bilər. Axı, o insanlar həmin ağaclara bir dəfə də olsun, qulluq göstərməyiblər.

Atam diqqətlə məni dinlədi və bir qədər düşündükdən sonra cavab verdi:

- Oğul, təbiət insanlara fərdi şəkildə münasibət bəsləmir. Bir insan hər hansısa bir ağaca qulluq etsə, həmin ağac elə bilir ki, bütün insanlar ona qulluq edib.Təbiət bütövlükdə cəmiyyətə xidmət göstərir.

Mən bu cavabdan sonra, yenidən başqa bir sual verdim:

- Ata, bəs necə olur ki, yerindən tərpənmək, hərəkət etmək imkanı olmayan ağaclar bütün insanları düşünür və onlara xeyir verir, bir çox şeyləri etmək iqtidarında olan insanlara, yalnız, öz şəxsi mənfəətlərini düşünürlər?

Atamın cavabı maraqlı və olduqca mənalı oldu:

- Oğul, ağaclar yerlərindən tərpənməsələr də qolları, budaqları çoxdur, insanın isə cəmi iki qolu var. Ağaclar insanlara nisbətən daha xoşbəxtdirlər, canlılar arasında ən ədalətli varlıq bitkilərdir.

Artıq, həyatı dərk etməyə başlamışdım. Artıq başa düşürdüm ki, həyat yalnız, iyirmi iki nəfərin bir top uğrunda mübarizə apardığı yaşıl meydandan ibarət deyil. Həyat hadisələri mənə əvvəl- kinə nisbətən daha maraqlı təsir bağışlayırdı.bu hadisələri və futbol oyunlarını nəzərə almasaq, bu yay təyilində elə də, maraqlı hadisələr olmadı.

Rəhman isə yay tətilində İsmayıllıda dincəlirdi. Sentyabrın birinə altı-yeddi gün qalırdı.Rəhman iki gündən sonra qayıtmalı idi. Onu görəcəyim günü səbirsizlə gözləyirdim.Çünki, o, mənim yeganə dostum idi.Qəribə olsa da artıq, dərslərin başlamasını istəyirdim. Uşaqlarla futbol oynamaq mənə əvvəlki kimi zövq vermirdi.

Nəhayət, sentyabr ayı gəlib çatdı. Havadan payız təravəti duyulur, payız sərinliyi müşahidə olunurdu. Ağaclardakı yarpaqlar yavaş-yavaş saralmağa başlayır, narın-narın yağış yağırdı. Asfaltın üstüylə şütüyən maşınların səsləri eşidilirdi..

Bakıya qayıtdıqdan sonra Rəhmanla görüşmüşdüm və o, öz yeni ideyalarını mənimlə bölüşmüşdü, Bundan əlavə, İsmayıllıdakı təəssüratları haqqında danışdı.Danışdıqlarından bəlli olurdu ki,onun yay tətili xeyli maraqlı keçib. Yayın qızmar günəşi altında çox qaldığına görə, dərisi bir qədər qaralmışdı. Boyu bir qədər artmışdı, bəlkə elə buna görə də, çəkisi bir qədər azalmış, arıqlamışdı. Mən ona atamla aramızda olan söhbətlər haqqında danışdım və o, xeyli təəccübləndi.

Sentyabrın 1-i biz dərsə getdik.Artıq, beşinci sinif şagirdi idik. Demək olar ki, sinif uşaqlarının əksəriyyətində dəyişikliklər müşahidə olunurdu. Mənsə elə bilirdim ki, zahiri görünüşümdə heç bir dəyişiklik olmayıb, daxili aləmimdə isə dəyişikliklərin olduğunu hiss edirdim. Yaşımın az olmasına baxmayaraq, həyatın göründüyü kimi sadə olmadığını başa düşürdüm. Düşünürdüm ki, əgər, hər şey göründüyükimi sadə olsaydı, o zaman biz məktəbə getməz, təhsil almaz, elm öyrənməzdik. Günlərimi bu düşüncələrlə keçirirdim.Sinif yoldaş-larımızın bizə qarşı olan münasibətində heç bir dəyişiklik yox idi. Dərsə getdiyimiz ilk gün ana dili, ədəbiyyat müəlliməmiz yay tətilini necə keçirdiyimiz haqqında inşa yazmağı tapşırdı.Mən nə yazacağımı bilmirdim. Rəhmanın isə ideyaları, təəssüratları bol idi. Növbəti gün Rəhman yazdığı inşanı oxudu:

"Mən yay tətilimi Azərbaycanın ən gözəl guşələrindən biri olan İsmayyıllıda keçirmişəm. Bu bölgənin təbiəti, gözəl mənzərələri, dağları, çayları, bulaqları məni valeh etdi.Çayların şırıltısı, bulaqların saf suyu, külək olan zaman ağacların əsən yarpaqlarının səsi mənə xüsusi zövq verirdi.Mən öz vaxtımı əsasən təbiət qoynunda keçirirdim. Belə gözəl yerləri gəzmək, təbiətin insanlara bəxş etdiyi gözəllikləri seyr etmək mənə çox xoş gəlirdi. İsmayıllının hər bir kəndi gözəl mənzərələrə sahib olsa da, Lahıc, İstisu, Basqal, Buynuz kəndləri xüsusilə fərqlənirlər.

Ancaq, çox təəssüflər olsun ki, bəzi şəxslər meşələrin ağaclarını qırır, doğrayır, odun şəklinə salır və təbiətin bu gözəlliyini pula dəyişirlər. Bu hal mənə çox kədərli göründü. Başa düşə bilmədim ki, axı nəyə görə insanlar bu cür gözəllikləri pul xatirinə məhv edirlər.Onlar dərk etmirlər ki, pul gəldi-gedərdi, təbiətin bu cür gözəllikləri isə Allah tərəfindən insanlara bəxş edilən hədiyyədir.

Rəhmandan sonra inşa oxumaq növbəsi mənə catdı. Gərək mən də yazdığım inşanı oxuyaydım. Mən yazdığım inşada atamla aramızda olan söhbətləri və uşaqlarla keçirdiyim zaman olmuş hadisələri yazmışdım. Rəhmanın yazdığı inşanın mənə təsiri çox böyük oldu. Axı, mən də atamla təbiət barəsində söhbətlər etmişdim.

Kasıb olmaq bəladır, kasıb ola-ola səxavətli olmaq isə dəhşətdir. Rəhman həm kasıb, həm də səxavətli idi. O, bufetdən nəsə alanda heç vaxt tək yeməzdi, mütləq kimisə dəvət edərdi. Bu, onun ən üstün cəhətlərindən biri idi. Rəhmanla aramızda olan dostluq əlaqələrini düşünərkən atamın danışdığı bir əhvalat yadıma düşürdü:

Bir gün bir alimdən soruşurlar:

- Qardaş yaxşıdır, yoxsa dost? -O da, cavabında bildirir:

- Qardaş da dost olsa yaxşıdır.

Həqiqətən də həm sual maraqlıdır, həm də cavab. Biz çox yaxın dost idik. Vaxtımızı bir yerdə keçirməkdən böyük həzz alırdıq, maraqlı söhbətlər edirdik. Mən sözümün üstündə dayanırdım. Daha, bağlaragirib oğurluq etmirdim. Artıq, ədalətlə ədalətsizlik arqasındakı fərqin mahiyyətini dərk edəcək düşüncəyə malik idim.

Zaman öz axarıyla davam edirdi. Demək olar ki, qeyri-adi heç bir şey baş verməmişdi. Ancaq, noyabır ayında ana dili-ədəbiyyat müəlliməmiz bizə tapşırdı ki, dostluq haqqında inşa yazaq. Növbəti dərs Rəhman yazdığı inşanı oxudu.

- Atalarımız dostluğun qırılmaz zəncir olduğunu boş yerə deməyiblər. Bəzən insanlar səhv edərək, gördükləri hər bir yaxın əlaqəni, xoş münasibəti dsotluq adlandırırlar. Insanlar arasında mövcud olan ən gözəl münasibətlərdən biri məhz, dostluqdur. Dostluq olmayan yerdə heç bir normal ünsiyyətdən söhbət gedə bilməz. Dostluq dostun olmayan yerdə fədakarlığa hazır olmaz deməkdir. Atalarımız təsadüfi deməyiblər ki, dost dar gündə tanınar. Dostluq qırılmaz zəncir olduğu kimi, dost sözü də hecaya bölünməz sözdür. Filosoflardan biri deyib ki, pul toplamaqdansa dost qazanmaq yaxşıdır.

Yadımda qalan cümlələr bunlar oldu. Mən isə yazdığım inşanı oxumasaydım daha yaxşı olardı. Artıq hiss edirdim ki, savadsızlıq insanın mənəvi cəhətdən məhvinə səbəb olur. Dərk edirdim ki, savadsız insan yel vurmuş ağac kimidir. Bir dəfə atamdan soruşdum ki, ən böyük bəla nədir? O,isə cavabında bildirdi:

- Həyatda ən böyük bəla savadsızlıqdır. Yadında saxla ki, bütün bəlalar savadsızlıqdan yaranır. Çalış ki, savadlı olasan. Savadlı olsan xoşbəxt olmaq ehtimalın yüksək olacaq. Ancaq əgər, savadsız olsan gərək, xoşbəxtlik istəyindən əl çəkəsən.

Artıq, atama qulaq asmırdım, əməlli-başlı eşidirdim.Əvvəllər başa düşmürdüm ki, hər bir ata, hər bir ana övladının xoşbəxt olmağını istəyir. Çünki, özümü nə qədər böyük göstərməyə çalışsamdauşaq idim, özüdə macəraları sevən uşaq.

Dekabır ayında ana-dili, ədəbiyyat müəlliməmiz bizə "Müstəqillik nədir” adlı inşa yazmağı tapşırdı. Həmişəki kimi yenə də Rəhmanın yazdığı inşa daha yaddaqalan oldu. Üç nəfər sinif yoldaşlarımız öz inşaların oxuduqdan sonra növbə Rəhmana çatdı. O, səbir və təmkinlə öz inşasın oxumağa başladı :

- "Müstəqillik insanların istədikləri kimi,azad, müstəqil şəkildə yaşaması deməkdir.Müstəqillik haqqında danışarkən Babəkin məşhur bir ifadəsi yada düşür:

"Qırxgün kölə kimi sürünməkdənsə, bir gün azad yaşamaq yaxşıdır”.

Dövlətin müstəqilliyi dedikdə, o başa düşülür ki, dövlət həm daxili ,həm də xarici siyasətdə öz istədiyi kimi hərəkət edir. Yəni ,dövlət öz istədiyi ölkələrlə siyasi, iqtisadi əlaqələr yaradır.

Xalqımız müstəqilliyin qədrini çox yaxşı bilir. Çünki, biz uzun müddət əsarət altında qalmışıq. Əsarət altında qalan xalq müstəqilliyin qədrini daha yaxşı bilir. Ümummilli liderimiz Heydər Əliyevin çox gözəl bir ifadəsi var.”Biz ya azad olmalı, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik.”Sevindirici haldır ki, biz həm azad olduq, həm də millət olduğumuzu etiraf etdik. Mən hesab edirəm ki, əsarət altında yaşamaqdansa, azadlıq naminə ölmək yaxşıdır.

Yadımda qalan cümlələr bunlar oldu. Uzun müddət bu cümlələr haqqında düşünürdüm. Həqiqətən də Rəhman çox maraqlı və vacib faktlara toxunmuşdu. O, sinifimizdə hamıdanyaxşı oxuyurdu.Dərslərindən həmişə əla qiymətlər alırdı. Mən isə sadəcə olaraq, qiymət xatirinə oxuyurdum.

Hadisələr öz axarıyla davam edirdi. Hər şey necə olmalı idisə, məhz, o cür idi. Novruz bayramını digər bayramlara nisbətən daha çox sevirdim. Çünki, şəkərbura və paxlava yemək xoşuma gəlirdi. Tonqal ətrafında dövrə vurmaq, yallı getmək, tonqalın üstündən tullanmaq,papaq atmaq, qapı pusmaq isə Novruz bayramının ən gözəl adətləridir.

http://foryoung.do.am/

Müəllif:Nicat Həşimzadə


 

II hissə

Category: Hekayələr | Added by: НАНУ (2010-12-21)
Views: 2665 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 lara   (2011-09-15 7:31 PM) [Yaz;]
e bu zibil insadiye kasiblara yox bir ozude kiminse gozunu qoyub eh

Only registered users can add comments.
[ Registration | Login ]
Click for live chat
Reyting
Sevdiyiniz janrı seçin

Всего ответов: 27
Tag Board
500
Statistika

Ümumi miqdar onlayn: 1
Qonaq: 1
İstifadəçilər: 0
Axtar

ip address
Copyright MyCorp © 2024 |