Rəhmanla
mən bayram günlərini də birlikdə keçirdik, birlikdə papaq atdıq, payları
topladıq və tonqal ətrafında əyləşdik. Hər şey çox gözəl oldu. Sonra Rəhmanla
anası məni evlərinə dəvət etdilər və mən də etiraz etməyin yersiz olduğunu başa
düşərək, dəvəti qəbul etdim.
Bu
hadisədən sonra mən tez-tez Rəhmangilə gedir, Rəhman da tez-tez bizə gəlirdi. İki
aydan sonra biz yay tətilinə çıxmalı idik. Daha, əvvəlki illərdəki kimi, günləri
saymırdım. Çünki əvvəl tənha idim, indi isə Rəhmanla dostluq edirdim və bu
dostluq əlaqələri məni qane edirdi. Ancaq, kasıb olmağımız həm məni, həm də Rəhmanı
çox üzürdü. Biz bəzən ac qalır, dabanları yonulmuş ayaqqabı, rəngi qaçmış
şalvar geyinirdik. Sinif yoldaşlarımız şokolad, peçenya, cemli bulkalar alıb
yeyəndə, biz bir ədəd çörək alar, yarıya bölər, xəlvət bir yerdə yeyərdik.
Oxucuların
nəzərinə yalnız, ən çox yadda qalan hadisələri çatdırmaq istədiyimdən bəzi
uzun-uzadı məsələri qələmə alaraq, hövsələsiz oxucuları əsəbiləşdirmək niyyətində
deyiləm. Ancaq, əhəmiyyətli hesab etdiyim bütün hadisələri oxucuların nəzərinə
çatdırmaq fikrindəyəm.
Qarlı
bir qış günü idi. Şaxta yeri dondurmuşdu. Ətraf
pambıq kimi ağappaq rəngə bürünmüşdü. Lopa-lopa yağan qar insanlara gözlərini
açıq vəziyyətdə saxlamağa mane olurdu.
Məktəbə
getmək, dərsdə oturmaq mənə əvvəlkinə nisbətən daha maraqlı görünürdü.Adi günlərdən
biri idi və mən dərsdə oturmuşdum. Rəhmanı nə qədər gözləsəm də o, həmin gün dərsə
gəlmədi. Sonra isə mən Rəhmanın yıxılaraq sağ qolunu sındırdığını öyrəndim. Bu
xəbər məni çox məyus etdi. O, iki həftə məktəbə gələ bilmədi, mən isə bu iki həftədə
hər gün ona baş çəkdim və məhz , belə günlərdən birində o, mənə öz arzuları,
istəkləri haqqında danışırdı.
- Bilirsən dost, mən gələcəkdə həkim olaraq
insanlara şəfa vermək istəyirəm. Düşünürəm ki, peşələr içərisində ən xeyirlisi
həkimlikdir. Inanıram ki, bəşəriyyətin bütün insanlarını sağlam görmək istəyinin
nəticəsində peşəkar həkim olacağam. Bunun üçün əlbətdə ki, ilk növbədə yaxşı təhsil
almaq lazımdır.
Dostumun
fikrini sevinc və hörmət hissləri ilə qarşıladım, ona məqsədinə çatmaq üçün səbir
və güclü iradə arzuladım. Rəhman gələcəkdə həkim olacağını qarşısına məqsəd
qoymuşdu. Mən isə heç bir qərara gələ bilmirdim və qərarsız insan olmağım məni
çox əsəbiləşdirirdi. Gələcəkdə hansı peşənin sahibi olmaq istədiyimi qətiləşdirə
bilmirdim.
Rəhmanın
səhhəti yaxşılaşandan sonra biz məktəbə yenidən birlikdə getməyə başladıq.
Qeyri-adi heç bir şey baş vermədiyindən qəti əminliklə deyə bilərəm ki, hadisələr
öz axarıyla davam edirdi. Lakin, yeddinci sinifdə oxuyarkən çox kədərləndirici
bir hadisə oldu. Sinif yoldaşlarımızdan biri qəflətən Rəhmana yaxınlaşdı və:
-Sən
atasızsan, atasız uşaqsan, bizim hamımızın atamız var, ancaq sənin atan yoxdur.
Sən bədbəxtsən, yazıqsan, bəxti gətirməyən, taleyi məhv olmuş bir səfehsən, -
deyərək dostumun qəlbini qırdı.
Bu
sözlər Rəhmana çox ağır təsir etdi, lakin heç bir cavab verməyərək xəlvət bir
yerə çəkildi və səssizcə ağlamağa başladı. Atasını xatırlamırdı, anası isə onu əzab-əziyyətlə
böyütmüşdü. Mən Rəhmana bu sözləri deyən sinif yoldaşıma dedim:
- Bir
də dostuma qarşı bu cür hərəkətlər etməyə cəhd göstərmə, əks halda sənin
ağız-burnunu partladaram.
Sinif
yoldaşım bunları eşidəndən sonra başını aşağı sallayaraq, göz süzə-süzə,
ağız-burun büzə-büzə getdi. Bu hadisə məni çox qəzəbləndirmişdi və dərk eləmişdim
ki, əqli cəhətdən kasıb olmaq maddi baxımdan kasıb olmaqdan daha böyük faciədir.
Insanların qəlbini qırmağı ən böyük günahlardan biri hesab edirəm. Misal üçün
deyə bilərəm ki, kor insan gözlərinin kor olduğunu onsuz da bilir. Ancaq, onun
qarşısına çıxıb kor olduğunu desəniz qəlbi qırılar, kədərlənər, özünü dünyanın ən
bədbəxt insanı hesab edər, insanlığa olan inamını itirər, gözlərinin kor
olduğuna bəlkə də bu zamana qədər inanmasa da, kor olduğu barədə deyilən sözləri
eşitdiyi anda, bəli, bəli, məhz, həmin
anda reallığın əslində nədən ibarət olduğunu biləcək və bu reallığa inanmaq məcburiyyətində
qalacaq.
Bəzi
insanlar hisslərlə, duyğularla əylənməkdən böyük həzz alırlar. Belə insanlar dərk
etmirlər ki, nəşə badələrini dadandan sonra müxtəlif cür əzab və məşəqqətlər
hesabına günahlarını yumağa məcbur olacaqlar və qocalıb xəstələnəndə hiss edəndə
ki, bu dünyada artıqdırlar, o zaman yenə də yaşayacaqlar, çünki Allah bu cür
insanları haqq dünyasına layiq hesab etmir və etməyəcək. Bu cür insanlar həyatdan
doymayanda, yaşamaq istəyəndə, həyat eşqi ilə alışıb yananda isə Allah onları
ölüm cəzasına məhkum edəcək.
Həyatda
yalnız qarın doydurmaq və gözəl geyinmək üçün çalışan insanlar necə də bədbəxtdirlər.
Həyat məhz, ona görə ədalətsiz və amansızdır ki, demək olar ki, bir çox şey
madiyyata bağlıdır. Bəzi insanlar isə qarnını doydurmaq, gözəl geyinməklə kifayətlənmir,
boş qalmış kisələrini qızılla, pulla, daş-qaşla doldurmağa çalışırlar. Əslində
bu insanlarla razılaşmağa məcburam, ona görə ki, bu insanlar bəlkə də yalnız
özlərinin mövcud həyatlarını deyil, övladlarının, nəvələrinin hətta bəlkə nəticələrinin
də gələcək həyatlarını düşünürlər. Illərlə çalışırlar və kisəni doldurmağa nail
ola bilirlər. Lakin, bununla da doymurlar. Kisədə yenə də boş yer axtarıb
tapmağa çalışırlar ki, bir qədər də var-dövlət yığa bilsinlər. Yığırlar,
yığırlar və sonra yazıq kisə ağırlığa tab gətirə bilməyərək cırılır, pullar isə
dağılır, tökülür, yayılır, itib batır. Xeyir, bağışlayın səhv etdim,
itib-batmır.Bu pullar kimlərdən talanmışdırsa,kimlərdən oğurlanmışdırsa, yenidən
çox güman ki, kasıblara, yoxsullara, kimsəsizlərə, yetimlərə ac qalmış
atasız-anasız uşaqlara çatır.
Yəqin,
bir çoxlarınız mənimlə razılaşarsınız ki, dünyanın ən təhlükəsiz yeri ana
qucağıdır. Bir körpə, bir uşaq atasız böyüyə bilər, amma anasız əsla. Əziz
dostum Rəhman da dərk etməliydi ki, atasız olmaq sadəcə uğursuzluq, bədbəxtlik,
anasız olmaq isə əsl faciədir və məhz elə buna görə də Rəhman Allaha minnətdar
olmalıydı. Eyni zamanda Rəhmanın anası da Allaha təşəkkül etməliydi ki, mənəviyyatı,
daxili aləmi gözəlliklərlə zəngin olan övlad yetişdirmişdi. Rəhmanın qəlbinə dəyən
sinif yoldaşım isə bəlkə də, günahkar deyildi. Bəlkə də düşdüyü mühit onu bədbəxt
eləmiş, mənəviyyatını itirməsinə səbəb olmuşdu. Bəlkə də vaildeyinləri ona
düzgün tərbiyə verə bilməmişdilər. Bəlkə də həmin sinif yoldaşım məktəbdə bir
cür, evdə isə başqa cür insanıydı. Bəlkə də, bəlkə də... Eh, bu bəlkələr insanı
necə də yorur. Eh, bu bəlkələr necə də qeyri-
müəyyənlik
bildirən anlayışlardır. Allah tərəfindən yaradılan hər nə varsa, hamısı gözəldir.
Heç nəyə yaramayan insanlar isə heç nəyə yaramayan əlləriylə bir çox şeyləri
korlayır, pozur, hətta məhv eləyirlər.
Nəysə,
deyəsən əsas məsələdən uzaqlaşaraq sizi çox yordum. Düzünü deyim ki, ən yadda
qalan hadisələr biz onuncu sinifdə oxuyarkən baş vermişdi.
Onuncu
sinifdə oxuyarkən əziz Rəhman aşiq olmuşdu, özü də sinifimizdə oxuyan Rəna adlı
mavi gözlü, şabalıdı rəngli, uzun saçlı, nazik-ensiz qaşlı, incə dodaqlı, al
yanaqlı, üz quruluşuna heç bir qüsur gətirməyəcək uzun və enli olmayan, normal
ölçüdə çənəyə malik olan bir qıza. Neçə illər idi ki, biz üçümüzdə eyni sinifdə
oxuyurduq. Amma Rəhman Rənaya məhz həmin il, yəni, biz onuncu sinifdə oxuyarkən
aşiq olmuşdu. Dostumun diqqətinin eşq məhəbbət məsələsinə yönələcəyindən və nəticədə
dərslərinə məsuliyyətsiz yanaşmasından qorxmağa başlamışdım.
Rəhman
isə mənim əbəs yerə qorxduğumu sübut edirdi. Bəlkə də özünü Rənaya yaxşı tərəfdən
göstərmək üçün əvvəlkinə nisbətən daha çox oxuyur, gecə-gündüz daha böyük həvəslə
çalışırdı. Həkim olmaq istəyi Rənaya öz sevgisini isbat etmək, ondan istədiyi
cavabı almaq, gələcəkdə onunla ailə qurmaq istəyindən daha böyük idi. Dostum
çox yaxşı bilirdi ki, zəhmətin üstün gələ bilmədiyi heç bir şey yoxdur. Rəhman
həm də dahi fransız yazıçısı Balzakın və tanınmış yunan filosofu Sokratın
prinsiplərini öz həyatında tətbiq edirdi. Yəni,”Elmin ağası olmaq üçün
çalışmağın qulu olmaq lazımdır” və ”Mən bir şeyi bilirəm
ki, mən heç nə bilmirəm”. Müəllimlər Rəhmanı elmin ağası olmağa layiqli namizəd
hesab edirdilər.
Dostumun keçirdiyi sevgi adlı bu hissləri hiss etmək,
yaşamaq, anlamaq mənə qismət olmamışdı və mənim üçün olduqca maraqlı olduğundan
dostumdan sevginin nə olduğunu, necə başlandığını hansı şəraitdə, hansı qayda və
qanunlar altında yaşandığını öyrənmək istədim. Aldığım cavab çox maraqlı və müəmmalı
oldu, mən bu sözlərin, bu kəlmələrin, bu cümlələrin Rəhman tərəfindən
deyildiyinə inana bilmədim. Sanki, danışan başqa insan idi. Çox-çox sonralar isə
başa düşdüm ki, onu danışdıran güc-qüvvə eşq-sevginin od-alovu olub. Sanki, o
anda dostumun daxili aləmi, ruhu cuşa gəlmişdi, nitqində heç bir qüsuru olmayan
natiqlər kimi danışırdı. Rəhman sevgi haqqındakı sualıma belə cavab vermişdi:
-Sevmək özünü
başqa birisində axtarıb tapmaq, ürəklə yaşamaq, həyatı dərk etmək, qəlbinin həqiqətən
də döyündüyünü hiss etmək, bir bədəndə iki canın ola bilməsinə inanmaq, varlığınla
yoxluğun arasında müqayisəsinin nədə olduğunu bilmək, həyatın hələ bitmədiyini,
davam etdiyini, həyatda uğursuzluqla, bədbəxtliklə bərabər, xoşbəxtlik və səadətin
olmasını da anlamaq deməkdir. Sevmək- həyatın
eşq-sevgi üzərində qurulduğuna əmin olmaq və sevgi üzərində qurulan bu həyatın
bir hissəsi olma sevincini yaşamaq deməkdir. Sevgi-məğlubedilməz, qarşısı
alınmaz, heç bir amansız qayda və qanuna
boyun əyməyən səadətdir. Sevildiyinə əmin olan kəs ən cəsur, ən döyüşkən əsgərdir.
Dahi Nizami Gəncəvi necə deyib:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin?!
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı bütün cahanı.
Bəli dostum, eşq dünyanın dəyəri, həyatın qiymətidir.
Bu misraları Nizami yazıb, mən özüm isə sevgiyə başqa cür misralar qoşmuşam:
Soruşdular dünya kimin?
Dedim, dünya sevənləri,
Sevgi qədri bilənlərin,
Sevgi üçün ölənlərin.
- Hə necədir? Amma düzünü de ha....... Şeirə az da
olsa oxşayır?
- Rəhman, mən heç bilməzdim ki, sənin şairlik məharətin
də var. Amma, doğrusu əla yazmısan, əhsən. Bəs axı, sən həkim olmaq istəyirdin,
yoxsa fikrini dəyişmisən?
- Yox, dostum qərarım qətidir, həkim olacam. Məncə
şair də həkim kimi insanları müalicə edir,
amma iynə-dərmanlarla, müxtəlif cür tibbi vasitələrlə yox, sadəcə sözlərlə,
misralarla.
Yaşımızın az olduğuna, geniş dünya görüşünə sahib
olmadığımıza, həyati təcrübəmizin azlığına görə, əslində, sevgini sarsıda biləcək
bir qüvvənin və bu qüvvənin məhz, xəyanət olduğunu anlamaqda aciz idik. Əslində
insan gənclik dövründə etdiyi səhvlərin ağrılı, acılı nəticələri əsasında həyat
təcrübəsi qazanır. Doğru deyiblər ki, ağıllı insan öz səhvlərindən, müdrik
insan isə başqalarının səhvlərindən nəticə çıxarır. Ancaq razılaşmaq lazımdır ki, müdriklikdən əvvəlki
pillə ağıllı olmaqdır. Yəni, demək istəyirəm ki, əslində müdrik insanların da səhvləri
olur. Bəzən həyatda elə hallar olur ki, cahil insanın böyük günah hesab edərkən
çəkindiyi, etmək istəmədiyi işi kamil insan çəkinmədən, ehtiyat etmədən edir. Bəs
görəsən, buna nə ilə haqq qazandırmaq olar? Bəzən düşünürəm ki, insanın
daxilində öz mənliyindən əlavə hansısa başqa bir mənlikvar, əslində, həmin
başqa mənliyin təzyiqi və təsiri nəticəsində öz mənliyi insanı tərk edir və həmin
başqa mənlik üstünlüyü ələ keçirərək şeytani qüvvələrin hökmü ilə ağıldan və əxlaqdankənar
hərəkətlər edir. Daha sonra isə insan öz mənliyinə qovuşur və bu mənlik o biri
mənliyin etdiyi hərəkətlərə görə, cavab vermək məcburiyyətində qalır. Ancaq, elə
düşünməyin ki, bu vəziyyətdən çıxış yolu yoxdur. Çıxış yolu həmişə var.
Çıxılmaz vəziyyət yoxdur, vəziyyətdən çıxa bilməyən insanlar var və bu insanlar öz zəifliklərini qəbul edərəkən
düşdükləri vəziyyətin çıxılmaz olduğunu
qeyd edirlər. Əgər, insan başqa bir mənliyin şeytani qüvvələrin hökmü ilə
öz ruhuna daxil olaraq əxlaqdan və ağıldankənar hərəkətlər etməsini istəmirsə,
səbir, iradə və dözüm hesabına həmin başqa mənliyə öz həqiqi mənliyini məğlub
etməyə imkan verməməlidir.
Həyatın əsl mübarizə meydanı olduğunu deyənlərin
yanılmadığını düşünürəm. Həyat mübarizəni sevənlərin, mübarizə aparma qabiliyyətinə
sahib olanların mübarizə meydanıdır. Mübarizə aparmaq istəməyənlər üçünsə həyat
bataqlıqdır və bu bataqlıqda batmaqda olanlar bataqlıqdan çıxmaq, yaşamaq
ümidində olsalar da məhz, mübarizə aparmağı bacarmadıqları üçün yaşamaq həsrətilə
yansalar da batacaqlar və mən heç də düşünmürəm ki, bu, ədalətsiz cəzadır.
Rəhmanın anası da, Rəhman özü də yaşamaq uğrunda, istəklərini
gerçəkləşdirmək, bataqlıqda batmamaq hətta, bataqlıqda olan digərlərini də
bataqlıqdan çıxarmaq üçün mübarizə aparmışdılar və buna görə, heç də peşiman
deyildilər, əksinə sevincli görünürdülər. Səfalət içində yaşasalar da şərəfli,
ləyaqətli ömür sürdüklərinə görə, xoşbəxt idilər. Maddi baxımdan sinif
yoldaşlarımızdan geri qaldığımıza görə, onlarla ayaqlaşa bilmir və bunun da nəticəsində
ümumi birlikdən kənara qalırdıq. Sinif yoldaşlarımızın ad günlərini qeyd etməsi
dəyişməz ənənəyə çevrilmişdi. Lakin, Rəhmanla mən bu məclislərdə iştirak edə
bilmirdik. Bəzi sinif yoldaşlarımız bizi ümumiyyətlə heç dəvət etməzdilər, bəziləri
isə dəvət etsələr də gedə bilmirdik. Çünki, hədiyyə almağa pulumuz olmazdı.
Bir dəfə Rəhmanın ayaqlarının qızardığını, bir qədər də
şişdiyini gördüm və buna görə daxilimdə dərin bir sıxıntı hiss etdim. Dostumu
üzmək istəmədiyimə görə, bunun səbəbini soruşmadım. Çünki, səbəbini bilirdim.
Bilirdim ki, Rəhman üç il idi ki,eyni ayaqqabını geyinirdi və pulsuzluq
ucbatından yenisini ala bilmirdi. Bu ayaqqabılar onun ayağına balaca idi və həm
ayağının yan tərəflərini, həm də barmaqlarını yara etmişdi. Başqa bir dəfə isə
daha təsirləndirici hadisənin şahidi oldum. Rəhmanın ayaqqabısının sağ tayı yan
tərəfdən bir qədər yırtılmışdı və qışın qarlı günlərində su keçirirdi, bunun da
nəticəsində sağ ayağı buz kimi soyuq olurdu. Sonrasa gördüm ki, Rəhman
ayaqqabısının yırtılan yerinə kardon tıxayıb. O, ayaqqabısının yırtıldığını
anasına deməmişdi və bacardıqca anasının ayaqqabıları görməməsinə çalışırdı.
Anası isə bir dəfə təsadüfən Rəhmanın ayaqqabısının yırtılmış yerinə kardon
tıxadığını görəndə kədərlənmiş, göz yaşlarını saxlaya bilməməşdi.
Qadın üçün atalıq etmək nə qədər çətindirsə, kişi üçün
analıq etmək daha çətindir. Əgər, Rəhman atasını yox, anasını itirsəydi,
düşünürəm ki bu, daha acınacaqlı vəziyyət olardı. Hər halda həyat artıq, çoxdan
sübut edib ki, ailəni qoruyub saxlamaq, övlad böyütmək, boya-başa çatdırmaq, tərbiyə
etmək baxımından qadınlar kişilərlə müqayisədə daha iradəli, daha səbirlidirlər.
On birinci sinifdə oxuyarkən Rəhman Rənaya onu
sevdiyini söylədi: Rəna isə bu sevgiyə dostumun qəlbini qırmaqla cavab verdi:
- Sən nə gündəsən, ay yazıq? Heç güzgüyə baxırsan, əyin-başına
fikir verirsən? Get öz tayını tap. Sən kimsən ki, məni sevirsən? Özü də atasız
övladsan, sənin gələcəyin necə olacaq, ay bədbəxt? Bir də məni belə boş-boş
söhbətlərə görə, narahat eləmə, öz işinlə məşğul ol. Sən axmaqsan, bədbəxtsən,
yoxsulsan, səfehsən, dəlisən. Məndən uzaq dur, yaxın gəlməyə heç cəhd də göstərmə.
Anlaya bilmirdim ki, nəyə görə, sinif yoldaşlarım atasız olduğunu tez-tez Rəhmanın yadına salmaqla onun qəlbini
qırırdılar. Rənanın dedikləri Rəhmana çox pis təsir etdi, hətta kövrəldi də.
Ancaq əgər, Rəna gələcəkdə övladının həyatının Rəhmandan asılı olduğunu bilsəydi,
əminəm ki, onunla bu cür rəftar etməzdi.
Bəli, bəli, yanlış eşitmədiniz. Məşhur Azərbaycan
mahnısında deyildiyi kimi aylar keçdi, illər dolandı. Rəhman ali məktəbi qızıl
medalla bitirdikdən sonra dövlət xəstəxanasında çalışmağa başlamışdı. Ardıcıl
bir neçə uğur qazandıqdan sonra onu baş həkim vəzifəsinə təyin etmişdilər.
Dostumun əldə etdiyi uğurları görəndə çox sevinirdim.
Bir gün məlum oldu ki, Rənanın övladı böyrək çatışmazlığından
əziyyət çəkir.yazıq uşağın hələ heç altı yaşı tamam olmamışdı. Rəhmanın
çalışdığı xəstəxananın həkimlərindən biri əməliyyata ehtiyac olduğunu söyləmişdi.
Nəhayət, bir gün Rənanın övladı əməliyyat olunmaq üçün xəstəxanaya gətirildi.
Əməliyyata rəhbərliyi isə Rəhman edəcəkdi, lakin Rənanın bundan xəbəri yox idi.
Iki saata yaxın davam edən əməliyyat uğurla nəticələndi və bu Rənanın bəlkə də
həyatda indiyə qədər bu günki kimi heç zaman yaşamadığı sevincə səbəb oldu. Bu
günün sevinci Rəna üçün daha qiymətli oldu, çünki, bu gün onun övladı xilas
olmuşdu, çünki, bu gün o, həyatının ən gözəl xəbərini eşitmişdi, çünki, bu gün
onun övladının xəstəliyinə son qoyulmuşdu.
Əməliyyat otağından çıxandan sonra Rəhman Rənayla
qarşılaşdı və məktəb illərində yaşadığı duyğular yadına düşdü. Sadəcə yadına
düşdü, bu duyğular yenidən alovlanmadı. Bunun səbəbini isə o, özü də bilmirdi
Bəlkə də sevgini şama bənzədənlər yanılmayıblar, bəlkə
də birinci mərhələdə bu şam yanmağa başlayır, ikinci mərhələdə odun, alovun təsiri
nəticəsində yavaş-yavaş əriyir, üçüncü mərhələdə isə tamamilə əriyib məhv olur.
Rəna övladına xoşbəxtlik gətirən və bununla ona da
böyük sevinc bəxş edən insanın Rəhman olduğunu biləndə onun qarşısında diz
çökdü və təxminən on iki il əvvəl dediyi sözlərə görə üzr istədi.
http://foryoung.do.am/ Müəllif:Nicat Həşimzadə
I hissə
|